Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının azad olunmasını Moskva üçün “şərtsiz prioritet” adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqin “Rossiya Seqodnya” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu yay Bakıda həbs olunan 11 Rusiya vətəndaşının tezliklə Moskvaya qaytarılması məsələsi Azərbaycan XİN-lə aparılan siyasi məsləhətləşmələrin əsas mövzularından biri olub. Danışıqlar 9–10 dekabr tarixlərində Azərbaycan Xarici İşlər Nazirliyində baş tutub.
“Bizim üçün şərtsiz prioritet – bu yay Azərbaycanda saxlanılan 11 vətəndaşımızın mümkün qədər tez Rusiyaya qayıtmasıdır. Bu məsələni 9–10 dekabrda Azərbaycan XİN-də keçirilən siyasi məsləhətləşmələr zamanı ətraflı müzakirə etdik”, – deyə Mixail Kaluqin bildirib.
Diplomat həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin 9 oktyabrda Düşənbədə baş tutan görüşü iki ölkə arasındakı münasibətlərə “güclü müsbət impuls” verib.
Moskvanın Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının azad olunmasını “şərtsiz prioritet” elan etməsi iki ölkə arasında münasibətlərin real istiləşməsindən xəbər verir, yoxsa bu, Bakıya yönəlik açıq siyasi təzyiq mesajıdır?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan şərhçi Azər Hüseynov qeyd edib ki,
Rusiyanın Azərbaycanda olan öz vətəndaşlarının məsələsini şərtsiz prioritet kimi qabartması, eyni zamanda Bakı ilə Moskva arasında müəyyən bir danışıqlar prosesinin mövcudluğuna işarə edir:
“Bu prosesin əsas nəticələrindən biri, son dövrlərdə müşahidə olunan gərginlik fonunun ən azı qismən yumşaldılmasıdır. Dövlətlərarası münasibətlərdə uzunmüddətli və idarə olunmayan gərginliklər adətən “soyuq müharibə” xarakteri alır ki, bu da tərəflərin maraqlarına xidmət etmir. Azərbaycan isə xarici siyasətində praqmatik xətti əsas götürür və milli təhlükəsizlik məsələlərini prioritet sayır. Məhz bu yanaşma səbəbindən rəsmi Bakı davamlı gərginlik mühitinin formalaşmasında maraqlı deyil və münasibətlərin idarəolunan çərçivədə saxlanmasına üstünlük verir. Bu, güzəşt siyasəti deyil, risklərin minimuma endirilməsinə hesablanmış rasional dövlət davranışıdır”.
Şərhçinin sözlərinə görə, bununla belə, Azərbaycan qarşılıqlı proseslərdə özünəməxsus tələblərini də gündəmdə saxlayacaq:
“Buraya, ilk növbədə, diaspora təşkilatlarının fəaliyyətinin məhdudlaşdırılmaması, onların legitim ictimai-siyasi fəaliyyətinə müdaxilə edilməməsi məsələsi daxildir. Eyni zamanda, Rusiyada saxlanılan və ya müxtəlif inzibati və hüquqi təzyiqlərlə üzləşən azərbaycanlıların məsələsinin də danışıqlar paketinin tərkib hissəsi olması ehtimalı yüksəkdir.
Beləliklə, mövcud dinamika tərəflər arasında münasibətlərin tam normallaşmasından çox, gərginliyin idarə olunması və qarşılıqlı təsir mexanizmlərinin yenidən tənzimlənməsi kimi qiymətləndirilməlidir.
Azərbaycan bu prosesdə emosional deyil, hesablanmış və milli maraqlara əsaslanan mövqeyini qorumağa çalışır”.