AZ

Oğuzda indiyədək 14 min hektaradək sahədə payız səpini aparılıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Oğuz, 17 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 17 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda taxıl səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 8 min 160 hektarı buğda, 5 min 880 hektarı dən üçün arpa olmaqla, 14 min 40 hektar sahəyə toxum səpiblər. Səpin proqnozuna 83 faiz əməl olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Azər Vəliyev məlumat verib.

Qurumun rəsmisi bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək rayonun təsərrüfatlarında 15 min 750 hektar sahədə şum aparılıb. Səpin üçün toxumçuluq təsərrüfatları tərəfindən lazımi qədər toxum hazırlanıb. İndiyədək sahələrə 897 ton sertifikatlaşmış buğda və 380 ton arpa toxumu səpilib. Hazırda taxıl sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri davam etdirilir.

Xatırladaq ki, oğuzlu fermerlər builki mövsümdə 16 min 317 hektar taxıl sahəsindən 58 min 655 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 35 sentner məhsul götürülüb. Taxıl istehsalı əvvəlki illə müqayisədə 2 min tondan çox artıb.

Baş məsləhətçinin sözlərinə görə, rayonun təsərrüfatlarında tütün yığımı isə əsasən başa çatıb. Bu il oğuzlu fermerlər 160,1 hektar sahədə tütün yetişdiriblər. Dərilən yaş tütün rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində qurudulub. İndiyədək oğuzlu fermerlər 324 ton quru tütün istehsal ediblər. Məntəqələrdəki kameralarda yaş tütünün qurudulması prosesi davam etdiyindən quru tütün istehsalının daha da artacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
141
azertag.az

1Mənbələr