AZ

QR kodlu qəbirlər - Din icazə verirmi?

Son illərdə texnologiyanın sürətli inkişafı insanların gündəlik həyat tərzini, adət-ənənələrini də dəyişir. Bu yeniliklərdən biri də qəbirlərə QR kodların yerləşdirilməsidir. QR kodlar vasitəsilə mərhum haqqında məlumatlara, həyat hekayəsinə və xatirə materiallarına asanlıqla çıxış əldə etmək mümkündür. Bu yanaşma həm xatirələrin qorunmasına, həm də gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bəs, İslam dinində bu günah sayılırmı?

Mövzu ilə bağlı Missiya.Az-a danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, İslam dini baxımından qəbir daşlarının bəzədilməsi, üzərində şəkillərin yerləşdirilməsi, eləcə də qəbir üzərində bina və ya məscid kimi abidələrin tikilməsi qəbuledilməz hesab olunur:

"Lakin müasir dövrdə bəzi qəbir daşlarında QR kodlardan istifadə edilir. Bu kodlar vasitəsilə dünyasını dəyişmiş şəxs haqqında müəyyən məlumatların oxunması mümkündür. Əgər mərhum sağlığında buna razılıq veribsə və ya onun yaxınları, varisləri bu addımı məqsədəuyğun hesab edirsə, qəbir daşına QR kodun yerləşdirilməsi dini baxımdan hər hansı problem yaratmır".

İlahiyyatçının sözlərinə görə, əksinə, bu, həmin şəxs haqqında məlumat əldə olunmasına şərait yaradır:

"Dini baxımdan yanaşdıqda, belə bir ənənənin tarixən mövcud olmadığı məlumdur. Bununla belə, müasir dövrün tələbləri və texnoloji imkanlar nəzərə alındıqda, əgər şəxs özü haqqında məlumatların başqaları tərəfindən oxunmasını istəyirsə, bu hal şəriətə zidd hesab edilmir",- deyə Əkrəm Həsənov əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
119
missiya.az

1Mənbələr