Böyük Britaniya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld öz iqamətgahında Azərbaycandakı əlilliyi olan şəxslər və təşkilatların nümayəndələri üçün qəbul təşkil etmişdir.
QHT.az xəbər verir ki, “3 Dekabr-Beynəlxalq Əlillər Günü” və Milad bayramına həsr olunmuş qəbulda səfir qonaqları salamlayaraq 3 dekabr gününün əlilliyi olan insanların cəmiyyətdə tam və bərabər iştirakını təmin etmək, onların hüquqlarını müdafiə etmək və cəmiyyətin də diqqətini bu məsələyə yönəltmək olduğunu qeyd etdi. Həmçinin hər il bütün dünyada xristian və qeyri-xristian olan milyonlarla insan tərəfindən İsa Peyğəmbərin doğum günü kimi qeyd edilən Milad bayramı münasibəti ilə təbrik etdi.
Mərasimdə Azərbaycanın Əməkdar İdman Ustası, Əməkdar məşqçi, 7-ci dan sahibi, Birinci Qarabağ müharibəsi qazisi İlham Zəkiyev, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-in sədri Hafiz Səfixanov, Milli Paralimpiya Komitəsinin sıralarına qoşulan ilk xanım idmançı, Azərbaycan Diplomatik Akademiyasının əməkdaşı Zinyət Vəliyeva və bir çox digər QHT sədrləri, KİV və ictimaiyyət nümayəndələri ilə yanaşı iştirak edən “Beynəlxalq Əlillər Cəmiyyəti”nin sədri və “Əlillər Dünyası” qəzetinin baş redaktoru Tahir Xudiyev və tərcüməçi Rəhman Xudiyev cənab səfirin bütün qonaqları çox səmimi, isti münasibətlə qarşılamasından söz açdılar və təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, 10 il özəl şirkətlərin birində operator kimi işləyən (2013-cü ildən çalışır), "Tərəqqi" medalına layiq görülən Zinyət Vəliyeva Azərbaycanın ilk qadın paralimpiyaçısıdır. Bir müddət təhlükəsizlik şöbəsinin əməkdaşı olan Vəliyeva, hazırda tələbə qəbulu və qeydiyyat şöbəsinin mütəxəssisi kimi əmək fəaliyyətini davam etdirir. 1996-cı ildə yaranmış olmaqla yanaşı, Əlil Qadınlar Cəmiyyəti adlı qurumun həmtəsisçisidir.