KİV-də yayılan məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan olunan baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb. Qeyd olunur ki, Abbas Abbasov Türkiyə hökumətinin onu Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl Moskvaya uçub. Bəs Rusiya onu Azərbaycana təhvil verə bilər? Bu barədə Ajans.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, indi Azərbaycan höküməti Rusiyadan Abbas Abbasovun ekstradisiyasını tələb etməlidir: “Rusiya onu verə də bilər, verməyə də. Biz onu “İnterpol” xəttilə də beynəlxalq axtarışa verə bilərik, birbaşa da istəyə bilərik. Rusiya ilə bizim aramızda qarşılıqlı əməkdaşlıq haqqında müqavilə var, bunun çərçivəsində zaman-zaman Rusiya da bizə kimisə təhvil verib, biz də vermişik. Bu artıq Rusiya hökümətinin qərarıdır, hər bir dövlətin daxili işidir və dövlətlər arasında ikitərəfli münasibətlərdən də asılıdır”.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində "dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər" ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.