Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən G.Sadıqzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İstintaq materiallarına əsasən, G.Sadıqzadə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə şəxsə qarşı dələduzluq əməlləri törətməkdə təqsirləndirilir.
Müəyyən edilib ki, o, özünü “lotereya” oyunlarını təşkil edən şəxs kimi təqdim edərək zərərçəkmiş şəxslərin etibarını qazanıb və yüksək məbləğdə pul vəsaiti vəd edib. Bu yolla G.Sadıqzadə ilk epizod üzrə zərərçəkmiş B.B.-ni (adı, soyadı şərtidir) aldadaraq guya hər ay 500 manat ödəniş etməklə növbəsi çatdıqda 5 000 manat, digər bir qrup üzrə isə aylıq 1 000 manat ödəniş etməklə 10 000 manat əldə edəcəyi barədə yalan vədlər verib. Nəticədə, 2024-cü ilin aprel–iyun ayları ərzində Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla zərərçəkmiş şəxsdən ümumilikdə 2 000 manat pul vəsaiti ələ keçirilib.
Digər epizod üzrə təqsirləndirilən şəxs zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) aldadaraq fərqli lotereya qruplarında aylıq 6 700 manat ödəniş etməklə növbəsi çatdıqda 67 000 manat alacağına dair yalan vədlər verib. 2024-cü ilin avqust–noyabr ayları ərzində, o cümlədən sonuncu dəfə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “AKS Baku” mağazasında bank kartı vasitəsilə 1 700 manat məbləğin ödənilməsi təmin edilməklə, S.S.-dən ümumilikdə 6 700 manat pul vəsaiti ələ keçirilib.
İstintaqla həmçinin müəyyən olunub ki, təqsirləndirilən şəxs zərərçəkmiş F.F.-i (adı, soyadı şərtidir) də hər ay 1 000 manat ödəniş etməklə növbəsi çatdıqda 10 000 manat alacağına dair yalan vədlər verərək, 2024-cü ilin yanvar–noyabr ayları ərzində üçüncü şəxsin vasitəçiliyi ilə ümumilikdə 8 000 manat pul vəsaitini ələ keçirib.
Bundan əlavə, təqsirləndirilən şəxs eyni üsulla zərərçəkmiş Z.Z-nin (adı, soyadı şərtidir) 2024-cü ilin yanvar–dekabr ayları ərzində hissə-hissə olmaqla ümumilikdə 9 000 manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurub.
Kamal Məmmədov