AZ

Tramp Vitkoffu danışıqlar üçün ən uyğun şəxs adlandırıb

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar üçün xüsusi nümayəndə Stiv Vitkoffu ən uyğun şəxs kimi dəyərləndirib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp bu fikirləri Ağ Evdə keçirilən tədbir zamanı səsləndirib. ABŞ prezidenti bildirib ki, Vitkoffun Rusiya ilə bağlı əvvəlcədən xüsusi biliyi olmasa da, Ukrayna münaqişəsinə həll yolu tapmaq baxımından ideal namizəddir.

Trampın sözlərinə görə, o, son 20 il ərzində Nyu-Yorkda demək olar ki, hər kəslə görüşüb və Vitkoffla tanış olduğu anda onun bu missiya üçün ən uyğun keyfiyyətlərə malik olduğunu anlayıb. Prezident qeyd edib ki, Vitkoff əvvəllər Nyu-Yorkda daşınmaz əmlak sahəsində fəaliyyət göstərib və Rusiyadakı çaylar və sərhədlər haqqında heç bir məlumatı olmayıb.

ABŞ prezidenti Vitkoffun güclü xarakterə sahib olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, mükəmməl danışıqlar aparmaq bacarığına malik başqa şəxslər də var, lakin onlarla razılaşma əldə etməzdən əvvəl az qala Üçüncü Dünya müharibəsinə başlamaq lazım gəlir”.

Qeyd edək ki, CNN telekanalı dekabrın 16-da mənbələrə istinadən bildirib ki, Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna böhranının həlli ilə bağlı ABŞ-nin planını daha ətraflı müzakirə etmək məqsədilə Rusiyaya səfər etməyə hazırdırlar.

//Gülnarə Abasova, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr