Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıtmaqlarının sevincini bölüşüblər.
Hafta.az xəbər verir ki, yola salınan sakinlər arzularını və Prezidentə təşəkkürlərini ifadə ediblər.
Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Camal Adıgözəlov deyir ki, doğma vətənindən çıxanda 37 yaşında olub:
"Bu gün isə 70 yaşım var. Bu günə çox şükür edirəm ki, yenidən öz rayonuma qayıdıram. Allah ölkəmizə əmin-amanlıq və sülh nəsib etsin".
Doğma yurda qayıdışın qürurverici olduğunu qeyd edən C.Adıgözəlov şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köç edən keçmiş məcburi köçkün Alvita İsmayılova da sevincinin həddi-hüdudu olmadığını deyir:
"Çünki öz vətənimizə, öz doğma yurdumuza qayıdırıq. Doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir. Uzun illərdən sonra yenidən doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir. Bu günə çox şükür edirik. Gedib orada yaşayacağıq, təsərrüfatla məşğul olacağıq, zəhmətimizlə dolanacağıq".
Bu vaxta qədər Müşfiqabad qəsəbəsində məcburi köçkün kimi yaşadığını qeyd edən A.İsmayılova qəhrəman Azərbaycan Ordusuna minnətdarlığını bildirib, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.