AZ

Şəhid atasını və onun bacısını öldürmək istəyən şəxs: “Mübahisə sosial yardım düzəldiləndən sonra yarandı”

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Neftçalada qayınatası və arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Fərid Bağırovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dindirilən Fərid Bağırov ibtidai istintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.


O, əməllərinin Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə tövsif edilməsini mümkün hesab etdiyini qeyd edib.


Təqsirləndirilən şəxsin ifadəsinə görə, qayınatası, zərərçəkmiş Hüseyn Əhmədovla münasibətləri hələ subay olduğu dövrdə daş karxanasında birlikdə işlədikləri vaxtlardan pozulub. Fərid Bağırovun sözlərinə görə, zərərçəkmiş şəxsin qızı, zərərçəkmiş Əfsanə Bağırova ilə ailə qurduqdan sonra da tərəflər arasında münasibətlər daha da gərginləşib və bu evliliyə ailə üzvləri razılıq verməyib. Təqsirləndirilən şəxs bildirib ki, Əfsanənin razılığı ilə onu qaçıraraq ailə həyatı qurub.


O, hərbi xidmət zamanı keçirilən tibbi müayinədə ürək damarlarında genişlənmə aşkarlandığını, bu səbəbdən tez ailə qurduğunu və iki övladının olduğunu qeyd edib. İfadəsində zərərçəkmiş Hüseyn Əhmədovun narkotik vasitələrdən istifadə etdiyini, özü də bir müddət onunla birlikdə narkotik vasitə qəbul etdiyini bildirib.


Fərid Bağırovun sözlərinə görə, zərərçəkmiş şəxsin oğlu Vətən müharibəsində şəhid olduqdan sonra o, yaşıllaşdırma idarəsində işə düzəldilib: “Daha sonra sosial yardımın rəsmiləşdirilməsi ilə bağlı Hüseyn məndən 350 manat pul tələb etdi. Buna görə aramızda mübahisə yarandı. Baxmayaraq ki, sosial yardım sonradan rəsmiləşdirildi”.


O, 19 iyul 2025-ci il tarixdə evə gəldikdə övladının babasıgilə aparıldığını öyrəndiyini, buna əsəbiləşdiyini və həyat yoldaşının atasının evinə getdiyini bildirib. Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə gün gözləməsinə baxmayaraq, həyat yoldaşı evə qayıtmayıb.


İfadəyə əsasən, 22 iyul 2025-ci il tarixdə Hüseyn Əhmədovun yanına gedərək ailəsinin evə qaytarılmasını xahiş edib, lakin onun tərəfindən təhqiramiz ifadələrlə qarşılanıb. Bu səbəbdən əsəbiləşdiyini bildirən təqsirləndirilən şəxs bir neçə dəfə ailəsini geri qaytarmaq üçün cəhd etdiyini deyib.


Hadisə günü parkda Hüseyn Əhmədovla qarşılaşdığını, əvvəlcə mübahisədən qaçdığını, lakin sonradan onu cəzalandırmaq niyyəti ilə arxadan yaxınlaşaraq iki zərbə endirdiyini bildirib. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını, əgər belə niyyəti olsaydı, bıçaqdan istifadə edəcəyini vurğulayıb.


O, həmçinin hadisədən sonra həyat yoldaşı ilə görüşdüyünü, onu vurmaq niyyətinin olmadığını, lakin əsəbi vəziyyətdə olduğu üçün ona da xəsarət yetirdiyini etiraf edib.


Məhkəmə iclasının sonunda təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını xahiş edib.


Məhkəmənin hökmü ilə ona 9 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Qeyd: Hadisə bu ilin iyul ayında Neftçala rayonunun Xıllı qəsəbəsində baş verib. Fərid Bağırıov küçədə qayınatası Hüseyn Əhmədova vintaçanla xəsarət yetirib. Daha sonra təqsirləndirilən şəxs evə gələrək arvadı Əfsanə Bağırovaya xəsarətlər yetirib.


İş üzrə zərərçəkmiş qismində tanınan Hüseyn Əhmədov şəhid atasıdır.
 

Kamal Məmmədov 

Tarix: 17 Dekabr 2025, 08:47   
Seçilən
113
pravda.az

1Mənbələr