AZ

Apple güclü iMac Pro monoblokunu hazırlayır

MacRumors: Apple M5 Max çipli flaqman iMac Pro üzərində işləyir...

Apple hələ təqdim olunmamış, yüksək performanslı M5 Max çipi ilə təchiz ediləcək flaqman iMac Pro monobloku üzərində işləyir.

Poliqon xəbər verir ki, bu barədə məlumatı MacRumors portalı şirkətin proqram təminatında aşkar edilən sızıntılara istinadən yayıb.

Məlumata görə, sızdırılmış kodda J833c identifikatorlu iMac modeli qeyd olunur və bu qurğu H17C platformasından istifadə edir. H17C platforması isə Sotra C kod adı ilə əlaqələndirilir. Mənbələrin ehtimalına görə, bu kod adı gələcək Apple M5 Max prosessoruna aid olacaq. Qeyd edilir ki, Apple-ın proqram kodunda əvvəllər də oxşar qeydlər aşkarlanıb və onların əksəriyyəti sonradan rəsmi məhsul təqdimatları ilə təsdiqlənib.

Bununla belə, istisna edilmir ki, aşkar olunan iMac Pro yalnız daxili test məqsədləri üçün nəzərdə tutulub və kütləvi istehsala buraxılmaya bilər. Ancaq son aylarda flaqman iMac Pro seriyasının yenidən bazara qaytarılacağı ilə bağlı şayiələrin artması bu ehtimalı gücləndirir.

Xatırladaq ki, iMac Pro xətti sonuncu dəfə Intel-in x86 arxitekturalı prosessorları ilə təchiz edilmişdi. Model ilk dəfə 2017-ci ildə təqdim olunub, 2019-cu ildə isə yenilənib. Həmin iMac Pro Radeon Pro Vega 64X qrafik kartı, 18 nüvəyədək Intel Xeon prosessorları və 5120x2880 piksel təsvir ölçülü 27 düymlük Retina displeylə təchiz olunmuşdu. Apple-ın öz istehsalı olan Apple Silicon çiplərinə keçiddən sonra iMac Pro seriyası dayandırılmışdı və yeni M5 Max əsaslı model bu seriyanın müasir arxitektura ilə geri dönüşü ola bilər.

Poliqon.info

Seçilən
136
poliqon.info

1Mənbələr