AZ

Niderland Ukraynaya pilotsuz uçuş aparatları üçün 700 milyon avro  ayıracaq

Hərbi yardım paketinin ümumi həcmi 950 milyon avro təşkil edir, vəsaitin bir hissəsi ABŞ silahlarının alınmasına yönəldiləcək...

Poliqon xəbər verir ki, Niderland hökuməti Ukraynaya ümumi dəyəri 950 milyon avro olan yeni hərbi yardım paketi ayırmaq qərarı verib. Bu vəsaitin 700 milyon avrosu pilotsuz uçuş aparatlarının (PUA) alınmasına sərf olunacaq. Məlumatı Niderlandın müdafiə naziri Ruben Brekelmans sosial şəbəkə X-dəki səhifəsində açıqlayıb.

Nazirin sözlərinə görə, diplomatik müstəvidə müəyyən irəliləyişlərin olmasına baxmayaraq, münaqişə hələ başa çatmayıb və Kiyevin dəstəklənməsi zəruridir. Yardım paketinə daxil olan digər 250 milyon avro isə ABŞ istehsalı olan silah və hərbi texnikanın alınmasına yönəldiləcək.

Brekelmans paylaşımında bildirib ki, “son dəstəyimiz barədə məlumat verirəm: 700 milyon avro pilotsuz uçuş aparatlarına, 250 milyon avro isə Amerika silahlarına ayrılır. Hamımız Ukraynanın danışıqlardakı mövqeyini gücləndirmək üçün səylərimizi artırmalıyıq”.

Qeyd edək ki, 15 dekabr tarixində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib ki, Aİ 2025-ci ilin əvvəlindən etibarən Ukraynaya ümumi dəyəri 27 milyard avro olan silah və hərbi texnika ötürüb. O vurğulayıb ki, hazırkı mərhələdə “yavaşlamaq üçün vaxt deyil” və Avropa İttifaqı Kiyevə dəstəyi davam etdirməkdə qərarlıdır.

Poliqon.info

Seçilən
61
poliqon.info

1Mənbələr