AZ

Sorğu: ABŞ-də Trampın fəaliyyətinə etimadsızlıq artır...

Respondentlərin əksəriyyəti ölkənin yanlış istiqamətdə getdiyini düşünür, MAGA daxilində də dəstək zəifləyir...

Poliqon xəbər verir ki, NBC telekanalının keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, ABŞ ictimaiyyətində prezident Donald Trampın fəaliyyətinə münasibət mənfi istiqamətdə dəyişməkdə davam edir. Sorğuya qatılanların təxminən 60 faizi Trampın ABŞ prezidenti kimi gördüyü işi bəyənmədiyini bildirib. Prezidentin fəaliyyətini müsbət qiymətləndirənlərin payı isə 42 faiz təşkil edib.

Araşdırmanın diqqətçəkən məqamlarından biri Trampa ən sadiq hesab edilən MAGA (Make America Great Again) hərəkatı daxilində də reytinqin aşağı düşməsidir. Aprel ayı ilə müqayisədə Trampın bu qrupdakı dəstəyi səkkiz faiz bəndi azalaraq 70 faizə enib. Eyni zamanda, özünü “Tramp tərəfdarından çox respublikaçı” kimi tanıdan respondentlərin payı artıb: bu göstərici apreldə 43 faiz olduğu halda, hazırda 50 faizə yüksəlib. Bu tendensiya Respublikaçılar Partiyası daxilində Tramp mərkəzli siyasətin əvvəlki qədər dominant olmadığını göstərir.

Sorğu ABŞ-nin ümumi vəziyyəti ilə bağlı ictimai narahatlığın da artdığını üzə çıxarıb. Respondentlərin 64 faizi ölkənin yanlış istiqamətdə irəlilədiyini düşündüyünü bildirib. Yalnız 36 faiz ABŞ-nin düzgün yolda olduğunu hesab edir. Analitiklərin fikrincə, bu göstəricilər iqtisadi durum, daxili siyasi gərginlik və institusional böhranlarla bağlı narahatlıqların ictimai rəyə güclü təsir etdiyini göstərir.

NBC-nin sorğusu Trampın reytinqindəki enişin təkcə müxalif elektoratla məhdudlaşmadığını, onun ənənəvi dayaqları arasında da skeptisizmin gücləndiyini ortaya qoyur. Bu amil qarşıdan gələn siyasi proseslər və seçki dinamikası baxımından mühüm siqnal kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
107
poliqon.info

1Mənbələr