Bakı, 16 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyində (AMADA) süni intellektin tətbiqi agentliyin fəaliyyətində həyata keçirilən rəqəmsal transformasiyanın məntiqi davamı kimi dəyərləndirilir. Əsas istiqamətlərdən biri müxtəlif istifadəçi kateqoriyalarına uyğunlaşdırılmış müasir antidopinq təhsil platformasının yaradılmasıdır.
Bu barədə AZƏRTAC-a AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə bildirib.
“Bu, təhsildə tətbiq oluna biləcək ən maraqlı və vacib alətlərdən biridir. Bir çox ölkədə bu cür sistemlər istifadəçinin yaşına, idman növünə və roluna, yəni idmançı, məşqçi, həkim və ya valideyn olmasına uyğunlaşdırılır. Biz isə daha irəli gedərək platformaya gələn şəxsin ilkin bilik səviyyəsini də nəzərə almaq istəyirik ki, onun antidopinq qaydalarını effektiv şəkildə mənimsəməsinə nail olaq”, — deyə Təhminə Tağı-zadə qeyd edib.
İcraçı direktor vurğulayıb ki, AMADA Azərbaycan dilində belə bir platformanın yaradılmasında böyük potensial görür. Onun sözlərinə görə, bu, antidopinq qaydalarının daha anlaşıqlı dildə izah edilməsinə, interaktiv ssenarilər və testlərdən istifadə olunmasına imkan verəcək ki, bu da əldə olunan biliklərin möhkəmləndirilməsi baxımından son dərəcə vacibdir. Platforma fərdiləşdirilmiş tədris tövsiyələri formalaşdıra və konkret idman növlərinə uyğunlaşa biləcək.
Müsahibimizin qeyd etdiyinə görə, vahid rəqəmsal platformanın tətbiqi federasiyalara vahid giriş sistemi vasitəsilə real vaxt rejimində idmançıların, məşqçilərin və həkimlərin təlim prosesini izləmək imkanı yaradacaq. “Federasiyaların rəhbərliyi kimin baza səviyyəsini mənimsədiyini, kimə əlavə hazırlıq lazım olduğunu, kimin isə artıq qabaqcıl mərhələyə keçməyə hazır olduğunu görə biləcək. Bu, eyni zamanda təhsil prosesinin keyfiyyətini obyektiv qiymətləndirməyə imkan verəcək”, - deyə o bildirib.
Beynəlxalq təcrübədən danışan Təhminə Tağı-zadə qeyd edib ki, dünyada artıq dopinq modellərinin tanınması üzrə alqoritmlər tətbiq olunur. Bu alqoritmlər idmançının bioloji pasportu və test nəticələrinin dinamikasının təhlili ilə birlikdə istifadə edilir. AMADA bu tendensiyaları diqqətlə izləyir və ilk növbədə tarixən dopinq riski daha yüksək olan idman növlərində bu yanaşmaların pilot tətbiqi imkanlarını nəzərdən keçirir.
Bununla yanaşı, agentliyin rəhbəri AMADA-nın son dərəcə ehtiyatlı mövqedən çıxış etdiyini vurğulayıb. “Süni intellekt sadəcə bir alətdir. İlkin məlumatlar təhrif və ya səhvlərlə daxil edilərsə, təhlilin nəticələri də düzgün olmayacaq. Buna görə də biz məlumatların keyfiyyətinə xüsusi diqqət yetirir, modellərin anonimləşdirilmiş məlumat massivləri üzərində sınaqdan keçirilməsini və idman növü, yaş və digər göstəricilər üzrə ayrı-seçkilik risklərinin qiymətləndirilməsini planlaşdırırıq”, - deyə Təhminə Tağızadə qeyd edib.
O həmçinin bildirib ki, süni intellektin idarəetmə proseslərinə inteqrasiyası AMADA-da artıq başlanmış rəqəmsallaşmanın davamı kimi nəzərdən keçirilir. Hazırda agentlik testdən keçirmə, preparatların terapevtik məqsədlərlə istifadəsi və təhsil tədbirləri üzrə vahid məlumat bazası yaradır, daxili və xarici hesabatlılığı rəqəmsallaşdırır, həmçinin beynəlxalq platformalarla inteqrasiya həyata keçirir.
Təhminə Tağı-zadə qeyd edib ki, AMADA milli antidopinq agentlikləri arasında testdən keçirmə üzrə məlumatların rəqəmsal toplanmasına keçən ilk qurumlardan biridir. “Biz beynəlxalq PwC şirkəti ilə müqavilə bağlamışıq və bütün testləmə prosesinin kağız daşıyıcılar üzərində deyil, tam rəqəmsal formatda aparıldığı elektron platformadan istifadə edirik”, — deyə icraçı direktor bildirib.
Sonda o vurğulayıb ki, rəqəmsal həllərin fəal tətbiqinə baxmayaraq, süni intellekt yalnız köməkçi vasitə olaraq qalacaq. “O, böyük həcmli məlumatların təhlilinə kömək edir, lakin yekun idarəetmə qərarları həmişə agentliyin məsul şəxsləri tərəfindən — milli qanunvericiliyə, beynəlxalq standartlara və etik normalara ciddi riayət olunmaqla qəbul ediləcək”, — deyə AMADA-nın İcraçı direktoru yekunlaşdırıb.