ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Uzun sürən müzakirələrdən sonra Monqolustan parlamenti Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə müvəqqəti ticarət sazişini ratifikasiya edib.
Reyting.az-ın məlumatına görə, bunun zamanında verilən bir qərar olduğunu vurğulayan yerli ekspertlər bildirirlər ki, sənədin ratifikasiyası Monqolustan üçün ət ixracının iki dəfə artırılma perspektivi vəd edir.
Monqolustanın parlament üzvlərinin fikrincə, ölkə üçün çox əhəmiyyətli olan yeni qərar 200 milyon istehlakçısı olan Avrasiya bazarına 367 adda yerli məhsulun çıxarılmasına qapı açır.
Mütəxəssislər vurğulayıblar ki, bu saziş Monqolustan dövləti üçün indiyədək görünməyən ən böyük imkanları açacaq və ölkənin kənd təsərrüfatında, eləcə də idxal-ixrac sektorunda çox müsbət dəyişikliklərə səbəb olacaq.
Monqolustanın dövlət rəsmilərinin, eləcə də parlament təmsilçilərinin açıqlamalarına görə, hazırda ölkədəki mədən sənayesi məhsullarının 94,7 faizi, həmçinin inkişafda olan kənd təsərrüfatı sahəsindəki uğurlar nəticəsində heyvandarlıq məhsullarının 82,7 faizi yalnız Çinə ixrac olunur. Ekspertlər isə belə hesab edirlər ki, bu cür göstəricilər iqtisadi təhlükəsizlik risklərinin yaranması deməkdir.
Monqolustan rəsmiləri əminliklə bildiriblər ki, yeni saziş ölkənin iqtisadi asılılığının azalmasına şərait yaradacaq.
Rəsmilərin fikrincə, ət, dəri, yun, kaşmir və digər məhsullara məhdudiyyətlərin aradan qaldırılması logistika və standart xərclərini 10-15 faiz azaldacaq və özəl sektora geniş imkanlar açacaq.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.