AZ

“Türkiyə Suriya məsələsində tarixin doğru tərəfində yer aldı” - Oqtay Qasımov

“Türkiyənin xarici işlər naziri Hakan Fidanın “Türkiyə diplomatiyası Suriya məsələsində tarixin doğru tərəfində dayandı” ifadəsi olduqca mühüm və çoxqatlı mesajdır. Bu fikrin arxasında ciddi siyasi və humanitar məqamlar dayanır. Belə ki, Türkiyə 2011-ci ildə Suriya böhranı başladığı andan etibarən, hətta Əsəd rejiminin ən güclü olduğu dövrlərdə belə Suriya xalqının yanında dayanıb. Ankara Suriyada işğal və parçalanma ssenarilərinə qarşı çıxıb, eyni zamanda ölkəsindən qaçqın düşmüş 5 milyondan artıq suriyalıya ev sahibliyi edərək onları qonaq kimi qəbul edib və sosial problemlərinin həlli üçün ciddi səylər göstərib. Nəticə etibarilə, Türkiyə bu prosesdə doğru istiqamətdə mövqe tutduğunu nümayiş etdirib".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib ki, “Türkiyə diplomatiyası Suriyada tarixin doğru tərəfində dayandı və bu prosesdən alnıaçıq çıxdı”. O vurğulayıb ki, son 15 ildə Türkiyə Suriyada çətin sınaqlardan keçib, amma insanlıq ləyaqətindən güzəşt etməyib və öz istiqamətindən yayınmayıb. Fidan əlavə edib ki, hakimiyyət dəyişikliyi Suriya üçün yeni ümid səhifəsidir və Türkiyə xalqın yanında dayanmağa davam edəcək.

Siyasi şərhçi qeyd edib ki, hazırda Türkiyənin Suriyaya dair mövqeyi ölkədə bütün etnik və dini qrupları əhatə edən, mərkəzləşdirilmiş və funksional bir hakimiyyətin formalaşmasını dəstəkləməkdən ibarətdir.

Seçilən
127
aznews.az

1Mənbələr