Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycanda elektron siqaretlərdən, xüsusilə yeniyetmələr və gənclər arasında geniş istifadə ciddi narahatlıq doğurur. Elektron siqaretlər nikotin və digər zərərli kimyəvi maddələr ehtiva etdiyi üçün sağlamlıq üçün təhlükəlidir və ağciyər, ürək-damar, eləcə də tənəffüs sistemi xəstəliklərinin yaranma riskini artırır. Bu məhsulların zərərsiz olduğu barədə formalaşmış yanlış təsəvvürlər onların yayılmasını daha da sürətləndirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Milli Məclisin deputatı Soltan Məmmədov söyləyib.
O bildirib ki, Azərbaycanda tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericilik elektron siqaretləri də əhatə edir və dövlət tərəfindən tətbiq olunan qadağalar əhalinin, xüsusilə uşaqların sağlamlığının qorunmasına yönəlib.
“Elektron siqaretlər yeniyetmələrdə nikotin asılılığının erkən yaşlarda formalaşmasına səbəb olur və sonradan adi siqaret çəkməyə keçid riskini artırır. Bu məhsulların tərkibində olan maddələr uzunmüddətli istifadədə ciddi sağlamlıq fəsadlarına yol aça bilər. Azərbaycanda elektron siqaretlərə qarşı görülən tədbirlər sağlam cəmiyyətin formalaşdırılmasına və gələcək nəsillərin qorunmasına xidmət edir”, - deyə deputat vurğulayıb.