AZ

İsrail F-35 razılaşmaları fonunda hərbi üstünlüyünü itirməkdən narahatdır

Channel 12: Qətər, Səudiyyə Ərəbistanı və Türkiyənin ABŞ ilə danışıqları Təl-Əvivdə ciddi narahatlıq yaradıb...

Poliqon xəbər verir ki, İsraildə Qətərin Səudiyyə Ərəbistanı və Türkiyə ilə birlikdə ABŞ-dan F-35 tipli döyüş təyyarələrinin alınması üzrə irəliləmiş danışıqlara qoşulması ciddi narahatlıq doğurub. Channel 12 telekanalının məlumatına görə, İsrail rəsmiləri bu cür silah sövdələşmələrinin Yaxın Şərqdə İsrail Hərbi Hava Qüvvələrinin keyfiyyətcə hərbi üstünlüyünü zəiflədə biləcəyindən ehtiyat edirlər.

Məlumata əsasən, Təl-Əviv hesab edir ki, region ölkələrinin beşinci nəsil döyüş təyyarələri ilə təchiz olunması İsrailin uzun illərdir qoruyub saxladığı texnoloji və operativ üstünlüyü risk altına sala bilər. Xüsusilə də F-35-lərin yüksək gizlilik, kəşfiyyat və zərbə imkanları İsrailin strateji balansına təsir göstərə biləcək amil kimi qiymətləndirilir.

Bu risklər fonunda İsrailin müdafiə qurumları Vaşinqtondan kompensasiya paketi tələb etməyə hazırlaşır. Məlumata görə, paketə iki yeni aviasiya eskadrilyasının yaradılması daxildir. Onlardan biri F-35 döyüş təyyarələri ilə, digəri isə təkmilləşdirilmiş F-15IA tipli qırıcılarla təchiz olunmalıdır. Bununla yanaşı, İsrail tərəfi ABŞ-dan böyük həcmdə yüksək dəqiqlikli və müasir sursatların verilməsini də gündəmə gətirməyi planlaşdırır.

Analitiklərin fikrincə, bu addım İsrailin regional hərbi balansda mövqelərini qorumağa yönəlib və ABŞ ilə təhlükəsizlik sahəsində xüsusi münasibətlərin davamı kimi dəyərləndirilir. İsrail uzun müddətdir ki, Vaşinqtonun Yaxın Şərqdə özünə keyfiyyətcə hərbi üstünlük təmin etməsi prinsipinə arxalanır və yeni silah sövdələşmələri bu prinsipin gələcəyi ilə bağlı suallar yaradır.

Poliqon.info

Seçilən
131
poliqon.info

1Mənbələr