AZ

"2026-cı ildə istehlakçı hüquqlarının qorunması əsas prioritet olacaq" - Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov QHT.az-a açıqlamasında bildirib ki, 2026-cı il üçün əsas prioritet istehlakçı hüquqlarının qorunması sahəsində dövlət tərəfindən atılacaq addımların davam etdirilməsidir.

Onun sözlərinə görə, 2025-ci ilin ən mühüm nailiyyətlərindən biri uzun illər İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinin cənab Prezidentin fərmanı ilə Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə çevrilməsi olub:

"Bu, 2025-ci ilin ən böyük uğurlarından biridir. İstehlakçı hüquqlarının qorunması sahəsində 2026-cı ildə əsas gözləntimiz 1995-ci ildə qəbul edilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun yenilənməsidir. Çünki bu qanun artıq köhnəlib və müasir bazar münasibətlərinə uyğunlaşdırılmalıdır. Dəfələrlə bu məsələni qaldırmışıq və düşünürəm ki, 2026-cı ildə bu istiqamətdə ciddi dəyişikliklər baş verəcək. Bu məsələni sahəmiz üzrə ən prioritet istiqamət hesab edirəm".

Eyyub Hüseynov həmçinin bildirib ki, 2025-ci ildə çalışdığım sahə üzrə ən uğurlu məsələlərdən biri də istehlakçı siyasəti üzrə standartların hazırlanması oldu:

"Hazırda bu məsələ müzakirə mərhələsindədir. Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma İnstitutu səviyyəsində istehlakçı siyasəti üzrə standartların, eləcə də malların markalanması ilə bağlı standartların hazırlanması istiqamətində işlər aparılır. Bu proseslər 2025-ci ilin ən mühüm nəticələrindən biridir və düşünürəm ki, nəticədə istehlakçı hüquqlarını pozan şirkətlərin sayının azaldılmasına nail olunacaqdır".

Seçilən
33
qht.az

1Mənbələr