Uşaqlarda vitamin çatışmazlığı böyümə və inkişaf dövründə tez-tez rast gəlinən sağlamlıq problemlərindən biridir.
Pravda.az bildirir ki, vitamin çatışmazlığı yalnız fiziki inkişafı ləngitmir, eyni zamanda həzm və immunitet sisteminə də mənfi təsir göstərir.
Ən çox rast gəlinən çatışmazlıqlar D vitamini, B12 və C vitamini ilə bağlıdır. Uşaqlarda vitamin çatışmazlığının əlamətləri arasında tez-tez xəstələnmə, yorğunluq, iştahsızlıq, saç tökülməsi, dərinin solğunlaşması, göz problemləri və diqqət çətinlikləri qeyd olunur. Belə simptomlar müşahidə edildikdə valideynlərin həkimlə məsləhətləşməsi vacibdir.
D vitamini çatışmazlığı xüsusilə sümük və əzələ sağlamlığı üçün risk yaradır və raxitizm kimi xəstəliklərə səbəb ola bilər. Həmin uşaqlarda gec yerimə, əzələ zəifliyi və sümük strukturunda problemlər ola bilər.
Vitamin çatışmazlığının qarşısını almaq üçün balanslı və müxtəlif qidalanma vacibdir. Menyuda meyvə, tərəvəz, ət, balıq, süd məhsulları və tam taxılların yer alması tövsiyə olunur. D vitamini üçün günəş şüaları təbii mənbədir. Lazım olduqda həkim tövsiyəsi ilə vitamin əlavələri də istifadə edilə bilər.
Əminə Bayramova