Bakı, 16 dekabr, AZƏRTAC
Bu gün süni intellekt artıq ictimai həyatın bütün sferalarına, o cümlədən neft-qaz sənayesinə güclü təsir göstərməkdədir. Son 10 ildə süni intellektə əsaslanan yanaşmalar da daxil olmaqla, ağıllı metodların inkişafı əhəmiyyətli irəliləyişlərə səbəb olub. Bu texnologiyalar fizika, kimya, kompüter elmləri, elektrik və kompüter mühəndisliyi, mexaniki və mülki mühəndislik kimi çoxsaylı sahələrdə geniş tətbiq olunaraq elmi araşdırmaların keyfiyyətini yüksəldib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov məlumat verib. O qeyd edib ki, son illərdə dərin öyrənmə və maşın öyrənməsi kimi ağıllı və yumşaq hesablama metodlarına maraq geofizika və neft geologiyası sahələrində, xüsusən də seysmik məlumatların emalında kəskin şəkildə artıb. Bu gün artıq süni intellekt və rəqəmsal texnologiyalar neft sənayesinin inkişafı üçün güclü bir alətə çevrilib. Süni intellekt böyük həcmdə geoloji məlumatların təhlilini sürətləndirir, yataqların daha dəqiq müəyyənləşdirilməsinə imkan verir və maşın öyrənməsi alqoritmləri neft və qaz ehtiyatlarının yerinin təyin edilməsində dəqiqliyi əhəmiyyətli dərəcədə artırır.
“Təbii ki, neft və qaz sahəsində süni intellektin effektiv tətbiqi və səmərəli nəticələrin əldə olunması üçün həm geologiyanı, həm texnologiyanı, həm də bütövlükdə neft-qaz sənayesinin iş prinsiplərini dərindən bilən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına böyük ehtiyac vardır. Bu baxımdan, universitetlərdə dərin öyrənmə, maşın öyrənməsi və ümumilikdə “ağıllı hesablama” metodlarının tədrisinin genişləndirilməsi son dərəcə vacibdir. Əminəm ki, bu, həm elmi tədqiqatların keyfiyyətini artıracaq, həm də sənayenin rəqəmsal transformasiyasına ciddi töhfə verəcək”, - deyə alım bildirib.