"Nəriman (Axundzadə) 59-cu dəqiqədə oyuna girəndə ("Ayaks"la matçda) stadion onu fitə basdı. Diktor əvəzetməni elan edən kimi, uğultu bir az da böyüdü. Necə olur ki, Nəriman "Ayaks"la oyundan bir həftə əvvəl "Karvan Yevlax"a 2 qol vurur, Çempionlar Liqasının matçından sonra "Araz Naxçıvan"a möhtəşəm bir qol vurur, amma bu oyunda ayaqları əsir, bir-birinə dolaşır".
Ölkə.Az xəbər verir ki, bu sözləri tanınmış idman jurnalisti, aparıcı Ceyhun Rzayev deyib.
"Necə olur ki, Nəriman "Braga" ilə oyunda məsuliyyəti üzərinə götürərək, oyunçunu keçir. Qol vurmasaydı "Qarabağ" "pley-off"da mübarizəni dayandıracaqdı. Bunu edir, çünki Nərimanı heç kim - geniş publika tanımırdı. Raha idi. Azərbaycan çempionatında niyə qol vura bilir? Deməli, ustalıq səviyyəsi var da. Çünki azarkeş sayı azdır, təzyiq yoxdur. Amma 59-cu dəqiqədə növcavan oğlanı stadion uğultuya basanda onun ayağı da titrəyəcək, top tutmayacaq, bacardığını da yadından çıxaracaq. Biz o uğultuyla Nərimanı "öldürdük". Futbolçu kimi basdırdıq, salavatını zikr etdik, halvasını yedik. Bu uçaq necə çıxır küçəyə?! Gərək gün eynəyində gəzsin, başına papaq qoysun, kapişonu keçirsin ki, onu tanımasınlar. Həyat onun üçün cəhənnəmə çevrilə bilər", - o bildirib.
Ekspert düşünür ki, Nəriman Axundzadə çox böyük xarakteri varsa, Çempionlar Liqasının növbəti oyunlarında meydanda sözünü deməlidir: "Yox, əgər təzyiqin öhdəsindən gələ bilmirsə, qışda özü gəlib deməlidir ki, məni hansısa Avropa klubuna icarəyə verin, ya da satın. Çünki bu şərtlər altında Azərbaycan futbolsevərləri Nərimanı "silib".
Miri