AZ

Gəncədə növbəti məktəb–valideyn konfransı keçirilib

Gəncə, 16 dekabr, Elcan Məmmədov. AZƏRTAC

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Davranış pozuntuları və konstruktiv yanaşmalar” mövzusunda növbəti məktəb–valideyn konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov uşaqların davranışlarında müşahidə olunan dəyişikliklərin səbəblərinin düzgün müəyyən edilməsinin və problemin kökündən həllinin vacibliyini vurğulayıb. O, məktəb-valideyn-psixoloq əməkdaşlığının daha da gücləndirilməsinin, preventiv yanaşmaların tətbiqinin və məktəbdaxili psixoloji dəstək mexanizmlərinin inkişaf etdirilməsinin önəmini qeyd edib.

Konfransın davamında spikerlər tərəfindən müzakirələr aparılıb, iştirakçıların fikir və təklifləri dinlənilib.

Qeyd edək ki, bu cür konfranslar davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Valideyn konfranslarının məqsədi məktəb və məktəbəqədər təhsil müəssisələri ilə ailə arasında əməkdaşlığı gücləndirməklə uşaqların hərtərəfli inkişafını təmin etməkdən, valideynlərin təhsil prosesinə sistemli şəkildə cəlb olunmasını təşviq etməkdən və məktəb–ailə tərəfdaşlığını möhkəmləndirməkdən ibarətdir.

Seçilən
110
azertag.az

1Mənbələr