Bakı, 16 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycanda xarici ticarət əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində ciddi addımlar atılır. Bu baxımdan Rəqəmsal Logistika Platformasının (DLP) yaradılması ölkənin iqtisadi və logistika potensialının gücləndirilməsi baxımından vaxtında və strateji qərar kimi qiymətləndirmək lazımdır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, İT üzrə mütəxəssis Fərid Kazımov bildirib. Onun sözlərinə görə, bu təşəbbüs Azərbaycanda xarici ticarət əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində mühüm və təqdirəlayiq addımdır: “Artıq bütün dünyada xarici ticarət əməliyyatlarının idarə olunması rəqəmsal transformasiya mərhələsinə keçib. Bir çox region ölkələrində bu proses başlayıb və Azərbaycan da bu qlobal trendlərə qoşulmaqla bir sıra mühüm üstünlüklər əldə edəcək”.
Fərid Kazımov qeyd edib ki, platforma, ilk növbədə, sahibkarlar üçün şəffaflıq və rahatlıq yaradacaq: “Bütün müraciətlərin vahid, rəqəmsal və onlayn platforma üzərindən həyata keçirilməsi sahibkarlara prosesləri aydın şəkildə izləməyə imkan verəcək. Hansı mərhələdə hansı müraciətin edilməli olduğu, hansı sənədlərin tələb olunduğu açıq şəkildə görünəcək. Bu da gözlənilməz çətinliklərin, bürokratik əngəllərin və qeyri-müəyyənliyin aradan qalxmasına səbəb olacaq. “Vahid pəncərə” prinsipi Azərbaycanda artıq bir sıra dövlət xidmətlərində öz effektivliyini sübut edib və eyni yanaşmanın xarici ticarət sahəsində tətbiqi real nəticələr verəcək: “Bu, sahibkarların vaxtına və resurslarına qənaət etməklə yanaşı, proseslərin daha operativ və proqnozlaşdırılan şəkildə idarə olunmasına imkan yaradacaq”.
Nazirliyin İctimai Şurasının üzvü diqqətə çatdırıb ki, DLP yalnız idxal və ixracla məşğul olan yerli sahibkarlara deyil, həm də Azərbaycanın tranzit ölkə kimi mövqeyinin gücləndirilməsinə xidmət edir: “Azərbaycanın strategiyasında tranzit nəqliyyat və logistika iqtisadiyyatı xüsusi yer tutur. Xarici sahibkarların artıq öyrəşdikləri beynəlxalq standartlara uyğun, rahat və şəffaf sistemin tətbiqi onların yüklərini Azərbaycan üzərindən keçirməyə marağını artıracaq”.
Müsahimizin sözlərinə görə, platforma dövlət üçün də mühüm üstünlüklər yaradır: “Rəqəmsallaşma bürokratik xərclərin azalmasına, kağız daşıyıcıların və fiziki prosedurların minimuma endirilməsinə gətirib çıxaracaq. Eyni zamanda, dövlət idarəçiliyində analitik imkanlar genişlənəcək, proseslərin real vaxt rejimində izlənilməsi və proqnozlaşdırılması mümkün olacaq”.
O əlavə edib ki, beynəlxalq standartlara uyğun rəqəmsallaşma dövlətlərarası məlumat mübadiləsini də asanlaşdıracaq: “Bu sistem vasitəsilə Azərbaycan digər ölkələrlə və beynəlxalq təşkilatlarla məlumat mübadiləsini daha effektiv və operativ şəkildə həyata keçirə biləcək. Bu, həm Azərbaycanın özünə, həm də tərəfdaş ölkələrə xarici ticarət əməliyyatları ilə bağlı etibarlı və dəqiq məlumatların əldə olunmasında mühüm üstünlüklər verəcək”.
Fərid Kazımov sonda bildirib ki, Rəqəmsal Logistika Platforması Azərbaycanın qlobal iqtisadi sistemdə cəlbediciliyinin artırılmasına xidmət edən əsas alətlərdən biridir və “vahid pəncərə” mexanizmi bu xidmətlərin daha da təkmilləşdirilməsinə birbaşa töhfə verəcək.