AZ

İran yenə köhnə mövzuya qayıtdı: Bunu Bakıya qarşı edə bilməzlər

BAKI, 16 dekabr. TELEQRAF

“İrandakı mühafizəkarların Zəngəzur dəhlizinin əleyhinə olması mövcud reallığı dəyişmir”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İranın Ali dini rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri ilə görüşdə Zəngəzur dəhlizinə qarşı mövqeyi yenidən təkrarlayıb. O, “Tramp yolu”nun Zəngəzur dəhlizi ilə eyni olduğunu və Tehranın bunu dəstəkləmədiyini bildirib. Vilayəti “Tehran Zəngəzur dəhlizinə qarşıdır” desə də, İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi bu dəhlizin əleyhinə deyil. Buna baxmayaraq, Vilayətinin açıqlamasından bir daha anlaşılır ki, İranda müxtəlif məsələlərə olduğu kimi Zəngəzur dəhlizinə baxışda da hakim qüvvələrin iki fərqli mövqeyi var. Vilayətinin simasında isə mühafizəkarlar Məsud Pezeşkianla əks fikirdədirlər”, - ekspert vurğulayıb.

Elxan Şahinoğlu əlavə edib ki, mühafizəkarların Zəngəzur dəhlizinin əleyhinə olması mövcud reallığı dəyişmir:

“Dəhlizin inşası davam edir və Ermənistanda fövqəladə hadisə baş verməsə, “Tramp yolu” ən geci 2028-ci ilin sonlarına qədər işə düşəcək.

Məsələnin maraqlı tərəfi başqadır. Ermənistan Xarici İşlər Nazirliyi İrandakı mühafizəkarların, o cümlədən Vilayətinin Zəngəzur dəhlizinə qarşı olduğunu bildiyi halda, səfirini niyə onunla görüşə göndərib? Mümkündür ki, Vilayəti səfirlə görüşmək istəyib və erməni diplomat vasitəsilə Baş nazir Nikol Paşinyana xəbərdarlıq mesajı göndərib. Vilayət eyni mesajı Azərbaycan səfiri vasitəsilə Bakıya göndərə bilməz. Çünki Azərbaycanın İrandakı səfiri Bakının təlimatı olmadan Vilayəti ilə görüşməz. Belə bir təlimata isə ehtiyac yoxdur”.

Seçilən
111
5
teleqraf.com

8Mənbələr