BAKI, 16 dekabr. TELEQRAF
2025-ci ildə Tacikistan və Qırğızıstan arasında sərhəd məsələsinin həll edilməsi tarixi hadisədir.
Teleqraf xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon parlamentə müraciətində bildirib.
Dövlət başçısının sözlərinə görə, 2025-ci il Tacikistan üçün tarixi bir il olacaq. Rahmon bu kontekstdə yazda keçirilən parlament seçkilərini də “əlamətdar hadisə” adlandırıb.
“Digər tarixi hadisə iki dövlət - Tacikistan və Qırğızıstan arasında yüz ildən çoxdur həll olunmayan sərhəd məsələlərinin müvafiq müqavilənin imzalanması yolu ilə tam həll olunmasıdır”, - Tacikistan Prezidenti vurğulayıb.
Rəhmon həmçinin xatırladıb ki, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri üç ölkənin sərhəd qovşağı haqqında saziş və Əbədi Dostluq haqqında Xucənd Bəyannaməsini imzalayıb: “Bu da regionun inkişafı və qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün möhkəm hüquqi baza yaradır”.