Abşeron Rayon Mərkəzi Xəstəxanasında arzu olunmaz halların bildiriş sisteminin tətbiqi və təkmilləşdirilməsinə həsr olunmuş genişmiqyaslı tədbir keçirililib.
Tədbirdə TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Keyfiyyətin idarə olunması şöbəsinin müdiri Xanım Məlikova, keyfiyyətə nəzarət üzrə mütəxəssislər və Abşeron Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları iştirak ediblər.
Tədbirin məqsədi xəstəxanada baş verə biləcək arzu olunmaz halların vaxtında aşkarlanması, düzgün qeydiyyatı və effektiv şəkildə idarə olunması mexanizmlərini daha da təkmilləşdirməkdir.
Açılış nitqi ilə çıxış edən tibb müəssisəsinin direktoru Səkinə Sadıxova xəstəxanada son aylarda başlanılan yeni tibbi xidmətlər barədə məlumat verib. S.Sadıxova bildirib ki, xəstəxanada tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə bir sıra sahələrdə yeniliklər tətbiq olunub, avadanlıqlar yenilənib, həmçinin müasir standartlara uyğun olaraq pasiyent məmnuniyyətini artırmağa yönəlik layihələr reallaşdırılır.
Direktor çıxışında laboratoriya xidmətlərinin genişləndirilməsi, görüntüləmə-diaqnostika sahəsində yeni imkanların yaradılması, bir sıra şöbələrin fəaliyyətdə olan iş prinsiplərinin optimallaşdırılması və tibb personalının davamlı təlimlərlə inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə də geniş məlumat verib. O qeyd edib ki, xəstəxanada yenilənmiş infrastruktur və yeni tibbi xidmətlər region əhalisinin keyfiyyətli tibbi yardıma əlçatanlığını daha da artıracaq.
Daha sonra xəstəxananın ümumi fəaliyyəti və inkişaf istiqamətləri ilə bağlı hazırlanmış videoçarx təqdim olunub. Videoçarxda müəssisədə aparılan yenidənqurma işləri, tətbiq edilən innovativ tibbi texnologiyalar, həmçinin xəstə və vətəndaş məmnuniyyətinin artırılmasına yönəlmiş xidmət yenilikləri əks olunub.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə nəzarətin idarə olunması üzrə məsul şəxsi Könül Sadıqova “Arzu olunmaz halların bildiriş sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda geniş məruzə ilə çıxış edib. O, bildiriş sisteminin məqsədi, işləmə prinsipləri, mövcud mərhələlər və bu sahədə beynəlxalq təcrübənin tətbiqi barədə ətraflı məlumat verib.
K.Sadıqova vurğulayıb ki, arzu olunmaz halların düzgün qeydiyyatı və təhlili səhiyyə müəssisələrinin keyfiyyət göstəricilərinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Çıxışlarda arzu olunmaz halların bildirilməsi sisteminin tibb müəssisələrində təhlükəsizliyin təmin olunmasında və risklərin azaldılmasında mühüm rol oynadığı qeyd olunub. Həmçinin müzakirələr zamanı sistemin daha səmərəli tətbiqi üçün görüləcək növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.
Rəsmi hissədən sonra qonaqlar xəstəxananın müxtəlif şöbələrinə baxış keçiriblər. Tanışlıq zamanı şöbələrdə yaradılan şərait, istifadə olunan müasir tibbi avadanlıqlar və pasiyentlərin rahatlığı üçün görülmüş işlər barədə ətraflı məlumat verilib.