ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Yevlax rayonunda 1966-cı il təvəllüdlü Rüstəm toy məclisində özündən 13 yaş böyük olan bibisi oğlu Oqtaya xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2024-cü il noyabrın 6-da Yevlax şəhərində yerləşən “Gül” şadlıq sarayında baş verib. Rüstəm təşkil edilmiş qohumunun övladının toy məclisində spirtli içki qəbul etdikdən sonra həmin gün saat 17 radələrində bibisi oğlu 1953-cu il təvəllüdlü Oqtayın ona spirtli içkini çox içməməsini deməsinə görə aralarında mübahisə yaranıb. Mübahisədən sonra o, zərərçəkmiş şəxsin toy məclisindən çıxaraq yaşadığı evə getməsini bilib və spirtli içkini çox içməsi barədə irad tutmasını bəhanə edib, ona xəsarət yetirmək qərarına gəlib.Rüstəm həmin niyyətlə toy məclisindən çıxaraq yaşadığı fərdi yaşayış evinə gəlib və evdən bıçaq götürərək Oqtayın ailəsi ilə birlikdə yaşadığı evə gedib. O, bibisi oğluna evinin həyətində bıçaq zərbələri vurub. Hadisəni törədən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cu (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən Rüstəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, toyda olanda hədən artıq spirtli içki qəbul edib: “Bibim oğlu az içməyimi dedi. Ona etiraz etdim, onu saymadım. Toydan çıxanda bibim oğlu gələrək boğazımdan tutdu və dedi ki, sən öl, səni öldürərəm, içmə. Kənardakılar bizi aralaşdırdı. Sonra Oqtay getdi. Mən toya əmim ilə gəlmişdim. Əmim ilə toydan çıxdım. Əmim toya gedəcəyini, mənim isə içkili olduğumu bildirdi, evə getməyimi dedi. Mən də evə yox, bibimgilə getdim. Bibim oğlundan soruşacaqdım ki, camaatın içində məni niyə boğur. Həmin vaxt Oqtayın yoldaşı qapıda idi. Ondan Oqtayın evdə olduğunu soruşdum. O, da evdə olmadığını dedi. Mən qayıtmaq istəyəndə Oqtay səsə çölə çıxdı. Mənə baxaraq “bura gəl” dedi, eyvandan döşəmə ağacı götürərək üstümə gəldi. Mən də məcbur qalaraq bıçağı çıxardım ki, üzərimə gəlməsin. Oqtay əlində olan ağacla sinəmdən vurdu. Mən isə geri çəkildim. İkinci dəfə məni vuranda geri çəkildim və əlimi qabağa verdim. Həmin ağac qırıldı və bir hissəsi Oqtayın əlində qaldı. Məni yenidən vurmasın deyə Oqtayın üzərinə qaçaraq onu qucaqladım və bu vaxt yerə yıxıldıq. Oqtay arxası üstünə yıxıldı, mən isə onun üstünə yıxıldım. Bundan sonra yoldaşı qışqırdı ki, dur çıx get, ayıbdır. Mən də getdim. 5 gün evdə yatdım. Mənim sinəm ağrıdığı üçün nəfəs ala bilməmişım. Bundan sonra, qohumlar xəbər gətirdilər ki, Oqtaya bıçaq dəyib və əməliyyat olunub. Mən də təəcübləndim və düşündüm ki, ona bıçaqla xəsarət yetirməmişəm”. İş üzrə zərərçəkmiş Rüstəmin sözlərinə görə, noyabrın 6-da xalası nəvəsinin toyunda Rüstəm spirtli içki içib: “Mən hiss etdim ki, özünü apara bilmir. Bir böyük kimi Rüstəmə dedim ki, ay dayıoğlu, az iç. Rüstəm isə məni eşitmədi. Mən toydan çıxaraq evə getdim. Təxminən yarım saat və ya bir saat sonra həyətdən səs gəldiyini eşitdim və çölə çıxanda Rüstəmin qışqırtı saldığını eşitdim. Mən istədim ki, onu itələyim, o da getsin. Qəflətən Rüstəm mənə yaxınlaşdı, məni itələdi. Bundan sonra yerə yıxıldım və Rüstəm sol böyrümdən bıçaqla vurdu”.Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökm ilə Rüstəm 6 il 6 ay azadlıqdan məhrum edilib və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.