AZ

Rusiyanın Azərbaycandakı 50 nəfərindən növbətisi: Abbas Abbasovun adı siyahıya necə düşdü?

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ramiz Mehdiyevin komandasına daxil olan və Azərbaycanda dövlət hakimiyyətini ələ keçirməyə cəhddə ittiham olunan daha bir nəfərin adı məlum olub. 

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun Rusiyada hazırlanan siyasi plan əsasında Azərbaycanda hakimiyyəti birgə ələ keçirmək üçün radikal müxalifətə dəstək verdiyinə dair faktlar ortaya çıxıb. Artıq bununla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə qərar qəbul edilib. 

Məlumata görə, 2013-cü ilin prezident seçkiləri ərəfəsində Rusiya Abbas Abbasovun vasitəsilə Azərbaycanda qeyri-konstitusion yollarla hakimiyyət dəyişikliyinə nail olmaq planını işə salıb. Vəzifədən azad edildikdən dərhal sonra Abbas Abbasovun Moskvaya köçərək orada yaşamağa başlaması əslində, bu məqsədə xidmət edirdi. 

Həmin vaxt Rusiyada şəxsi evi, biznes fəaliyyəti quran Abbas Abbasov Moskvada, Dağıstanda və digər yerlərdə hündürmərtəbəli yaşayış binaları inşa etdirərək külli miqdarda qazanc əldə etmişdi. Bütün bunlar Rusiya siyasi dairələrinin Abbasovu himayə etməsindən xəbər verirdi. Abbas Abbasov “kartı”ndan Azərbaycanda hakimiyyət dəyişikliyi üçün istifadə etməyi qərara alan rəsmi Moskva onun əli ilə ilk olaraq böyük maliyyə dayaqlarına malik şəxsləri birləşdirməklə Rusiyada, daha sonra isə Azərbaycanda siyasi təşkilatlanma işi aparmağı qərara alır. 

Abbas Abbasov bu işin Moskva qanadının əsas aparıcı şəxsi olaraq müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb. Onun təşəbbüsü ilə 2012-ci ildə “Milyarderlər İttifaqı” adı ilə tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqı yaradılıb. Abbas Abbasov özünü bu təşkilatın rəsmi təsisçisi kimi qeydiyyatdan keçirib və onun bu quruma rəhbər gətirilməsi də aydındır ki, Kremlin siyasi sifarişi idi. 

“Milyarderlər İttifaqı”nın yaradılması üçün tarix də plana uyğun seçilmişdi. 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsi nəzərdə tutulurdu. Rusiyanın siyasi ssenarisinə uyğun olaraq Azərbaycanda radikal müxalifət də prosesə cəlb edilməli, vahid təşkilati strukturda birləşməli, seçkilərdə rəsmi Moskvanın namizədini dəstəkləməli idi. 

Abbas Abbasova isə “Milyarderlər İttifaqı” vasitəsilə Azərbaycan müxalifətinə maliyyə dəstəyini təmin etmək həvalə olunmuşdu. Bu məqsədlə Rusiyanın siyasi layihəsi əsasında 2013-cü ildə prezident seçkiləri öncəsi Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurası adlı qurum yaradılır. 

Abbas Abbasov Milli Şuranın yaradılması ilə bağlı Rusiyanın gizli planını o vaxt Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışan və “5-ci kolon”un rəhbəri Ramiz Mehdiyevə çatdıraraq, prosesə start verilir. Seçkilər ərəfəsində AXCP sədri Əli Kərimlinin Milli Şuranın təşkil olunmasında fəal iştirakı, Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovun “bitərəf ziyalı” adı altında prezidentliyə namizədliyinin irəli sürülməsi də Rusiya texnoloqlarının hazırladığı və Ramiz Mehdiyevlə Abbas Abbasovun vahid təlimat əsasında fəaliyyətinin nəticəsi idi. 

Əlbir olan bu şəxslər, yəni Abbas Abbasov Rusiya hakimiyyətinin Milli Şura üzrə xaricdəki koordinatoru, Ramiz Mehdiyev isə Azərbaycanın daxilindəki kuratoru funksiyasını yerinə yetirirdi. Əli Kərimlinin missiyası isə digər müxalifət partiyalarının ayrılıqda seçkilərə qatılmasına mane olmaq, bütün müxalif siyasi təşkilatları Milli Şura adı ətrafında toplamaqla Rusiyanın namizədinin dəstəklənməsindən ibarət olub.

 Həmin dövrdə Müsavat Partiyası Rüstəm İbrahimbəyovu dəstəkləməkdən və Milli Şuraya qoşulmaqdan imtina edərək İsa Qəmbərin namziədliyini irəli sürməyə cəhd etsə də, sonda ümumi razılaşma əsasında geri çəkilməli oldu. Bununla da bəzi müxalif qüvvələrin ssenarinin tərkib hissəsinə daxil olması planı baş tutdu. 

Əslində, ilk açıqlamalardan bilinirdi ki, Rüstəm İbrahimbəyov Rusiya üçün keçici fiqur idi. Bununla bağlı ozamankı mətbuatda kifayət qədər fikirlər var və istər İbrahimbəyov, istərsə də Milli Şurada olanlar “ikiillik plan”la bağlı müxtəlif açıqlamalar verirdilər. Buradan aydın olur ki, Moskvanın məqsədi Ramiz Mehdiyevin nəzarəti altında Abbas Abbasovun da daxil olduğu yeni hakimiyyət formalaşdırmaq və Azərbaycanı idarə etmək idi. Ölkə daxilində müxalifətin radikal qanadının işbirliyində olduğu Ramiz Mehdiyev isə “5-ci kolon”u və radikal müxalifəti bu planın reallaşmasına səfərbər etməyə çalışırdı. 

Qeyd edilən məlumatlar və onların analizi bir daha Abbas Abbasovun “5-ci kolon”un əsas nümayəndələrindən biri olduğunu təsdiq edir. İndi Ramiz Mehdiyevin “Dövlət Şurası” siyahısında adı yer alan 50 nəfərdən birinin də Abbas Abbasov olduğu üzə çıxır. Ozamankı plan 2013-cü ildə Rüstəm İbrahimbəyovun Azərbaycana gəlmək istəməməsi, Rusiya vətəndaşı olduğuna görə seçkilərdə iştirak edə bilməməsi ilə yarımçıq qaldı. 

Bununla da Mehdiyev-Abbasov, eyni zamanda həm də Rusiyanın planları pozuldu. Planı yarıda qoymaq istəməyən bu qüvvələr yeni tərtibat hazırladı. Ona görə də daha rahat idarə olunan, siyasi prosesləri dərindən təhlil etmək imkanı olmayan, Əli Kərimlinin birbaşa təsirində olan Cəmil Həsənlinin prezidentliyə namizədliyi üzərində dayanıldı. 

Lakin Milli Şura ictimai dəstək və seçici elektoratı qazana bilmədiyindən, prosesin yekununda məğlub oldu. Acı məğlubiyyətə baxmayaraq, Rusiyanın yaratdığı, Mehdiyevin alt qüvvəsi olan Milli Şura buraxılmadı, indiyə kimi fəaliyyət göstərir. Təbii ki, bunun da bir sıra səbəbi var. Proyektin sahibinin razılığı ilə Milli Şura hakimiyyətə təzyiq üçün əsas rıçaqlardan biri kimi qorunub saxlanılıb. 

Eyni zamanda, Abbas Abbasovun əsas fiqurantlardan biri olduğu və Ramiz Mehdiyevin qanunsuz yolla hakimiyyəti ələ keçirmək üçün 2013-cü il planlarının boşa çıxmasına baxmayaraq, fürsət yarandığı halda bu adla eyni hərəkəti təkrarlamaq üçün Milli Şura onlara lazım idi. 12 ildən sonra Mehdiyevin məktubu və yenidən hərəkətlənməsi də indiyə qədər Milli Şuranın niyə saxlanıldığını bir daha təsdiqləyir. 

Təbii ki, Abbas Abbasovun bu siyahıda və bütün anti-Azərbaycan kampaniyalarında olduğu bilnirdi. Çünki Abbas Abbasov Ramiz Mehdiyevə hər zaman yaxınlığı ilə seçilib. 

Süleyman

"Cebheinfo.az"

Açar sözlər:

Ramiz Mehdiyev Abbas Abbasov Əli Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
111
1
cebheinfo.az

2Mənbələr