AZ

Abbas Abbasovun axtarışa verilməsi: Azərbaycanda çevriliş cəhdinin xronikası

ain.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov axtarışa verilib. Bu barədə APA məlumat yayıb. Məlumatda bildirilir ki, Abbas Abbasov uzun müddət Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin sayəsində məsuliyyətdən yayına bilib. Ancaq hazırda o, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan "Ramiz Mehdiyev işi" ilə bağlı ittiham olunur.

Abbas Abbasovun beynəlxalq axtarışa verilməsi 2012-ci ildə Rusiyada yaradılmış və mediada "Milyarderlər İtfifaqı" (RATİ) adını almış Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı ilə birbaşa əlaqələndirilir. RATİ elan olunanda, hələ o zaman mən "Bizim Yol" qəzetində silsilə analitik və publisistik məqalələr yazaraq, bu qurumun xüsusi siyasi məqsədlərlə yaradıldığını oxucularımın diqqətinə çatdırmışdım. Məqalələrin əsas məğzi bu idi: Rusiya hakimiyyəti Azərbaycanda keçiriləcək 2013-cü il prezident seçkilərində öz oyununu oynamağa çalışır; Azərbaycanın rəhbərliyinə öz adamlarını gətirib, oyuncaq rejim qurmaq istəyir.

Məlum olduğu kimi, İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlmişdi və 2008-ci ildə yenidən - ikinci müddətə prezident seçilmişdi. Həmin seçkidən sonra artıq müxtəlif mərkəzlər, o cümlədən və xüsusilə Rusiya İlham Əliyevdən sonrakı dövrə hazırlıq görməyə, özlərinə sərfəli siyasi fiqurlar üzərindən gələcək hakimiyyət konfiqurasiyaları qurmağa başlamışdılar. Bu xarici mərkəzlərin hər biri gələcək hakimiyyətdən özləri üçün alacaqları preferensiyaları - təmin olunacaq tələblərini müəyyənləşdirmişdilər. Bir nüansı xüsusi qeyd etmək yerinə düşər: Qərbin və Rusiyanın, eləcə də, İranın Azərbaycanda maraqları fərqlənsə də (toqquşsa da), böyük xarici güclər arasında bir məsələdə danışılmış (və ya danışıqsız) konsensus var idi: Ermənistanın işğal altında saxladığı ərazilərin Azərbaycandan qoparılması. Bunu reallaşdırmaq üçün Qərb Qarabağdakı separatçı rejimin tanınmasına meyllənirdi (çünki Ermənistanda Moskvaya bağlı hakimiyyət var idi), Rusiya isə vəziyyətin dəyişməz qalmasını - "nə hərb, nə sülh" status-kvosunun uzadılmasını istəyirdi. Münaqişəni diri saxlamaqla həm Azərbaycana, həm Ermənistana təzyiq imkanını qoruyurdu, eyni zamanda Qərbin Cənubi Qafqazda təsirini artırmasına, Mərkəzi Asiyaya nüfu etməsinə mane ola bilirdi. O cümlədən, geopolitik Türk zolağının formalaşmasının da qarşısını alırdı. Bu və bu kimi bir sıra başqa çox mühüm səbəblərdən, 2008-ci il prezident seçkisindən dərhal sonra artıq "xarici beyinlərdə" yeni Azərbaycan hakimiyyətinin konturları cızılmaqdaydı.

Belə bir situasiyada prezident İlham Əliyev daxili və xarici rəqiblərin gözləmədiyi, heç istəmədiyi bir addım atdı: 2009-cu il martın 18-də ölkədə referendum keçirildi və eyni şəxsin iki dəfədən artıq prezident seçilməsini əngəlləyən müddəa Konstitusiyadan çıxarıldı. Beləliklə, İlham Əliyev 2013-cü il seçkilərində öz namizədliyini verəcəyini bəyan etmiş oldu. Həm daxildə, həm xaricdə özündən sonraya hesablanmış bütün hakimiyyət dəyişikliyi hazırlıqlarını, eləcə də, Qarabağın Azərbaycandan mərhələli şəkildə qoparılması planlarını da pozdu.

Məhz buna görə də Rusiya yeni bir strategiya qurmağa məcbur oldu: artıq hər şey 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hesablanırdı. Həmin hesablamaların reallaşdırılnası məqsədilə 2012-ci ildə az əvvəl haqqında danışdığım RATİ, yəni mediada deyildiyi kimi, "Milyarderlər İttifaqı" yaradıldı. Qurumun təsisçisi və rəhbəri isə 2006-cı ildə Azərbaycanın baş nazirinin birinci müavini vəzifəsindən istefaya göndərilmiş Abbas Abbasov oldu. Bu qurum Abbas Abbasovun başçılığı altında Rusiyadakı Azərbaycan diasporunu öz təsiri altına salaraq, Rusiyada yaşayan Azərbaycan vətəndaşları vasitəsilə Azərbaycandakı prezident seçkilərinin nəticələrini Rusiyanın xeyrinə təmin etməli idi. Bu, mümkün olmadıqda isə, vəziyyətdən asılı olaraq, güc yolu ilə hakimiyyətin ələ keçirilməsi də planlaşdırılıbmış. Bu sonuncu mülahizəm "Ramiz Mehdiyev işi" üzrə aparılan araşdırmaların və istintaqın verdiyi qərarların məntiqindən doğur. Dediyim kimi, "Milyarderlər İttifaqı" konkret məqsədlə - hakimiyyəti İlham Əliyevin əlindən almaq üçün yaradılmış və artıq Azərbaycan əsilli Rusiya vətəndaşı, yazıçı Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd kimi müəyyənləşdirmişdi. Moskva İbrahimbəyovun Qərbin də siyasi və mədəni dairələrində də tanınması faktorundan yararlanaraq, onu Rusiya ilə Qərb arasında guya kompromis namizəd kimi hazırlamışdı. Ancaq İbrahimbəyovun vətəndaşlıq məsələsindəki dolaşıqlıq bu variantın əsas zəif cəhətlərindən biri idi. Eyni zamanda Rüstəm İbrahimbəyov tanınmış yazıçı olsa da, cəmiyyət onu İlham Əliyevə siyasi alternativ görmürdü. Əslində isə İbrahimbəyovun adının prezidentliyə nazmizəd kimi hallandırılması aldadıcı manevr idi; ehtiyatda bir neçə variant da var idi. Moskva üçün əsas məsələ Rusiyanın seçkidə öz namizədi ilə iştirak etməsi, seçkidən sonra isə bu namizəd üzərindən prosesi yönləndirmək ola bilərdi. Ehtimal etdiyim ssenariyə görə, əgər "Milyarderlər İttifaqı" vasitəsilə Rusiya və Milli Şura vasitəsilə yerli müxalifət birlikdə 2013-cü l seçkilərində Rüstəm İbrahimbəyovun adı altında seçkiyə qatıla bilsəydi, yazıçının qalib gəlib-gəlməməsindən asılı olmayaraq, Moskva nəticələri MDB müşahidə missiyası vasitəsilə mübahisələndirmək və İham Əliyevi faktik hakimiyyətdən kənarlaşdırmaq planı qurmuş ola bilərdi. Bu halda ölkədə hakimiyyət Konstitusiyaya görə formal olaraq baş nazirə, əslində isə həmin vaxt Prezident Administrasiyasının rəhbəri postunda olan Ramiz Mehdiyevin əlinə keçirdi. Bu prosesə ictimai dəstək fonu yaratmaq rolunu isə, görünür, Milli Şura vasitəsilə yerli müxalifət oynayacaqdı (bilərək, ya bilməyərək). Bu, Qərb dairələrinin də Milli Şuranın namizədini, yəni faktik olaraq Rusiyanın planını müdafiə etmək məcburiyyətində qoymaq üçün düşünülmüşdü. Hakimiyyət baş nazirin adı altında Ramiz Mehdiyevin nəzarətinə keçdikdən sonra isə artıq sonrakı bütün proseslər Rusiyadan idarə olunacaqdı. Belə görünür ki, Moskvanın oyuna buraxdığı əsas fiqurla Ramiz Mehdiyev və Abbas Abbasov olublar. Sonuncunun da "dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər" ittihamı ilə beynəlxalq axtarışa verilməsi həm də bu mətləbdən xəbər verir. Maraqlıdır ki, Türkiyənin Milli Şuranın liderlərindən sayılan Gültəkin Hacıbəylini deport etmək qərarı ilə Abbas Abbasovun axtarışa verilməsi eyni vaxtda baş verir. Bu qərar, əlbəttə ki, hüquqi prosedurdur: görünür ki, Türkiyə "Ramiz Mehdiyev işi" ilə bağlı Azərbaycanın uyğun qurumlarının tələbini əsaslı sayıb. Eyni addım indi Rusiya tərəfindən Abbas Abbasovla bağlı atıla bilərmi, ya yox, bunu deyə bilməyəcəm. Hər halda onun Azərbaycan vətəndaşlığından imtina etməsinə və ya vətəndaşlıqdan çıxarılmaslna dair hət hansı təsdiqlənmiş rəsmi fakt, məlumat yoxdur. O, hələ də Azərbaycan vətəndaşıdırsa, Rusiyadan ekstradisiyası istənilə bilər. İkili vətəndaşlığı varsa, bu, Azərbaycanda tanınmır.

Yazının əsas mövzusuna - seçkilərlə çevriliş cəhdlərinə qayıdım. Ramiz Mehdiyevin, Abbas Abbasovun mərkəzində dayandığı planlar baş tutmadı; "Milyarderlər İttifaqı" adı altında qurulmuş avantüra vaxtında ifşa olundu, Rüstəm İbrahimbəyovun namizədliyi, təbii ki, qəbul edilmədi. Başqa ölkənin vətəndaşı prezidentliyə necə namizəd ola bilərdi ki?!

Beləliklə, "Azərbaycanı ikinci Belorusa və ya Köçəryan-Sarqsyan Ermənistanına çevirmək, Rusiya qoşunlarını yenidən Azərbaycana qaytarmaq, Azərbaycanı faktik işğal etmək, yaxud Qarabağı Azərbaycandan qoparmaq, ölkənin təbii sərvətlərinə qonub faktik müstəmləkəyə çevirmək planları iflasa uğradılmış oldu" deyə bilərik. Əgər istintaqın versiyası budursa və doğrularsa, deməli, 2012-2013-cü illərdə təkcə hakimiyyət uğrunda siyasi mübarizə deyil, bütövlükdə dövlətin qorunub saxlanması - istiqlal davası gedib. Hər halda bu, mənim şəxsi qənaətlərim, subyektiv mülahizələrimdir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
163
icma.az

1Mənbələr