Berlin, 16 dekabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) tərəfindən aparılan yeni tədqiqatı 2024-2025-ci il mövsümündə Avropada yaşlı əhali arasında qrip və COVID-19 peyvənd proqramlarının xəstəxanaya yerləşdirmələri əhəmiyyətli dərəcədə azaltığını müəyyən edib.
AZƏRTAC ECDC-yə istinadla xəbər verir ki, tədqiqat yaşı 65 və daha çox olan şəxslər arasında qrip səbəbilə xəstəxanaya yerləşdirmələrin 26-41 azaldığını göstərib. Bu göstərici eyni yaş qrupu üzrə COVID-19 səbəbilə müraciətlərdə 14-20 faiz təşkil edib.
Tədqiqat, həmçinin ölkələr arasında peyvəndləmə səviyyələrində ciddi fərqliliklərin olduğunu üzə çıxarıb. Bunun milli səhiyyə sistemlərinin üzərində təzyiqi azaltmaq üçün daha çox işlərin görülə biləcəyini göstərdiyi qeyd olunub.
Peyvəndlərin ağır xəstəliklərin qarşısının alınmasına təsirinin sübut edilməsinə baxmayaraq, Aİ-yə üzv ölkələrin əksəriyyətində risk qrupları üçün qrip peyvəndləmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hədəflərindən geri qalır, COVID-19 vaksinasiyasının səviyyəsi isə davamlı olaraq azalır.
Bu nəticələr göstərir ki, həm mövsümi qrip peyvəndi kimi uzunmüddətli tədbirlər, həm də COVID-19 peyvənd proqramları vasitəsilə xəstəxanalardakı yükün azaldılması üçün hələ də böyük potensial mövcuddur. Peyvəndləmə səviyyəsində kiçik artımlar belə xəstəxanaya yerləşdirmələrin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər.
Berlin