AZ

2026-cı ildə kommunal ödənişlər artacaq?

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsi layihəsi artıq açıqlanıb. Büdcənin ümumi həcmi 41,5 milyard manat olaraq planlaşdırılır və bu məbləğin 44 faizi vergi gəlirləri hesabına formalaşacaq. Bu fonda cəmiyyət üçün  həssas mövzulardan biri olan kommunal xidmətlərin qiymətləri yenidən müzakirə edilən məsələlərdəndir.

Bəs 2026-cı ildə qaz, elektrik enerjisi və digər kommunal ödənişlərdə dəyişiklik gözlənilirmi? Növbəti ildən kommunal ödənişlər artacaq?

Məsələ ilə bağlı Moderator.az-a danışan iqtisadçı Razi Abasbəyli deyib ki, gələn il Azərbaycan büdcəsində vergi yükünün artırılması planlaşdırılır:
 
"Artım əsasən istehsal, xidmət, idxal və ixrac əməliyyatlarını əhatə edəcək. Buna aksiz vergiləri, əlavə dəyər vergisi, eləcə də istehsalda tətbiq olunan və sosial ödənişlər üzrə nəzərdə tutulan əlavə vergilərin həcminin artırılması daxildir. Növbəti ildə kommunal xidmətlərdə bahalaşma yanvarın birindən tətbiq edilən abunəlik haqları ilə başlayacaq. İstehlakçılar elektrik enerjisi və təbii qazdan istifadə edib-etməməsindən asılı olmayaraq bu haqları ödəməli olacaqlar. Abunəlik haqqı minimum məbləğ – bir manat – səviyyəsində müəyyən edilib. Yəni istehlakçı kommunal xidmətdən istifadə etməsə belə, bu vəsaiti ödəməli olacaq. Hətta texniki şərt almış, lakin sayğaclaşdırılmamış elektrik və qaz təminatı üçün də bu rüsumların tutulması nəzərdə tutulur.
Bununla belə, növbəti il kommunal xidmətlərdə artımın hansı formada olacağını dəqiq demək çətindir. Gözlənilən odur ki, differensial tarif siyasəti tətbiq ediləcək. Bu isə o deməkdir ki, daha çox istehlak edənlər üçün tariflər yüksələcək, az istifadə edənlər üçün isə sabit və nisbətən aşağı tariflərin saxlanılması müzakirə olunur. Hökumət artıq bu ilin ortalarında bu məsələ ilə bağlı ictimai müzakirələrin açılmasına təşəbbüs göstərib və differensial kommunal tarif siyasətinin tətbiqi ilə bağlı ilkin addımlar atılıb.
 
Qeyd edildiyi kimi, yanvarın birindən simvolik də olsa, minimum bir manatlıq differensiallaşdırılmış tarif siyasətinin tətbiqinə başlanılacaq. Bu minimum məbləğin növbəti ildə artırılması gözlənilir. Ola bilsin ki, yüksək istehlak edənlər üçün artım daha çox, az istifadə edənlər üçün isə abunəlik haqqı mərhələli şəkildə artırılsın. Bu isə differensial kommunal tarif siyasətinin artan xətt üzrə davam etdiriləcəyinin göstəricisi hesab olunur. Növbəti ildə həm qazın, həm də elektrik enerjisinin tariflərinin bahalaşacağı gözlənilir".
 
Mehin Mehmanqızı
Seçilən
106
1
moderator.az

2Mənbələr