Türkiyə ilə İsrail arasında regional gərginlik daha da artıb. İsrailin Nyu-Yorkdakı Başkonsolosu Ofir Akunis televiziya proqramında çıxışı zamanı Türkiyəni hədəf alan sərt açıqlama verib.
O, “Türkiyə İsrailin düşmənidir” deyərək, Tel-Əvivin rəsmi mövqeyinin heç bir türk əsgərinin Qəzzaya daxil olmaması olduğunu bildirib.
Akunis İsrailin Qəzza və Suriya siyasətindən danışaraq, Qəzzanın gələcəkdə yenidən qurulmasında Türkiyənin hərbi iştirakına qəti şəkildə qarşı çıxıb. O, həmçinin İsrailin Suriyada, xüsusilə Şamla Golan Təpələri arasında “əsgərdən təmizlənmiş zona” yaradılmasını istədiyini açıqlayıb.
Bu açıqlamalar ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın İsrailə planlaşdırılan səfəri ərəfəsində səsləndirilib. Barrakın danışıqlarında Qəzza və Suriya mövzularının əsas gündəm olacağı gözlənilir.
Tel-Əvivin Ankaranın bölgədəki güclü təsirindən narahatlığı nə dərəcədə realdır və bu açıqlamalar Türkiyə-İsrail münasibətlərinə və regional balanslara hansı təsir göstərə bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Elçin Xalidbəyli qeyd edib ki, Türkiyənin Yaxın Şərqdəki mövqeyi bir çox beynəlxalq siyasi iradə mərkəzlərini ciddi şəkildə narahat edir:
“Xüsusilə Yaxın Şərqdə özəl maraqları olan Amerika Birləşmiş Ştatlarında da bu narahatlıq hiss olunur. Lakin Tramp administrasiyası hələlik Türkiyənin Yaxın Şərqdəki mövqeyinə və atdığı addımlara həssas yanaşır və rəsmi Ankaranın mövqeyi ilə hesablaşır.Bununla belə, Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan İsrail Türkiyənin yürütdüyü Yaxın Şərq siyasəti ilə barışmaq istəmir və buna qarşı müqavimət göstərir. Çünki Türkiyə əsasən İsrailin davranışlarına ciddi şəkildə etiraz edir, onu Qəzzada kütləvi qırğınlar törətməkdə ittiham edir və ən əsası, rəsmi Ankara Fələstin probleminin məhz iki dövlət prinsipi əsasında həll olunmalı olduğunu hesab edir. Bu isə İsrailin maraqlarına qətiyyən cavab vermir”.
Xalidbəylinin sözlərinə görə, məhz buna görə də İsrail bütün imkanlarını səfərbər edərək Türkiyənin Yaxın Şərqdə aktiv siyasətdən imtina etməsinə cəhd göstərir:
“Təbii ki, bütün bunlar Türkiyə–İsrail münasibətlərinin daha da gərginləşməsinə yol açır və mövcud vəziyyət bu iki dövlət arasında münasibətlərin yaxın vaxtlarda normallaşa biləcəyinə dair inandırıcı mənzərə yaratmır. Əksinə, belə anlaşılır ki, Yaxın Şərqdə, xüsusilə də Qəzza problemi ətrafında Türkiyə–İsrail qarşıdurması və mövcud ziddiyyətlər hələ uzun müddət davam edəcək”.