AZ

Abbas Abbasov harada “quş” buraxdı?

Adı son illərdə kölgədə qalan Abbas Abbasov ağır ittihamlarla yenidən gündəmə gəlib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhd ittihamı ilə axtarışa verilən baş nazirin sabiq birinci müavini postsovet məkanında həm siyasi, həm də biznes əlaqələri ilə tanınan sima olub.

"Yeni Sabah" Abbas Abbasovun həyat və fəaliyyətinə işıq salır:

İdmandan namenklaturaya

76 yaşlı Abbas Abbasov peşəkar idmançı olub. Sərbəst güləş üzrə SSRİ idman ustasıdır.

Onun karyerası klassik sovet funksionerinin keçdiyi yolu xatırladır. Baytarlıq təhsili almış Abbas Abbasov uzun illər quşçuluq və aqrar sənaye sahəsində rəhbər vəzifələrdə çalışıb. Sovet planlı iqtisadiyyatı şəraitində zavod və fabrik direktorları ictimai rəydə tez-tez yeyinti ilə assosiasiya olunan təbəqə kimi qəbul olunurdular.

A.Abbasov 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru işləyib.

1990-cı illərin əvvəllərində o, partiya aparatına keçid edir. 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın dövlət müşaviri vəzifələrində işləyib.

1980-ci illərin sonlarında Abbas Abbasovun karyerası partiya namenklaturasında irəliləyir. 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, ardınca icra strukturlarında rəhbər vəzifələr onun dövlət idarəetməsinə keçidini təmin edir.

1992–2006

1992-ci ildə Abbas Abbasov Baş nazirin birinci müavini təyin olundu. Bu postu 14 il qoruması onu o dövrdə ölkədə ən uzunömürlü yüksək ranqlı məmurlardan birinə çevirdi.

Bu dövrdə o, bir neçə strateji dövlət komissiyasına rəhbərlik etdi, iqtisadi- sosial blokda əsas fiqurlardan biri oldu.

Moskva mərhələsi

2006-cı ildə vəzifədən azad ediləndən sonra Abbas Abbasov Azərbaycanın ictimai-siyasi həyatından faktiki olaraq çəkildi və Rusiyada məskinlaşdı.

Bu mərhələdə onun fəaliyyəti açıq siyasətdən diaspora fəaliyyəti və biznes əlaqələrinə keçdi.

Rusiyada o, Telman İsmayılovun AST Şirkətlər Qrupunda vitse-prezident oldu, Rusiya azərbaycanlılarının "Azer-Ros" Cəmiyyətində ağsaqqal statusu qazandı, qurumun Ağsaqqallar Şurasının sədri oldu.

Hələ Azərbaycan hökumətinin rəhbərliyində təmsil olunduğu dövrlərdə geniş biznes əlaqələri qurmağa nail olan Abbas Abbasov Moskva, Dağıstan və Türkiyə xətti üzrə biznes-siyasi şəbəkə formalaşdırdı.

“Milyarderlər İttifaqı”

2012-ci ildə Abbas Abbasovun təşəbbüsü ilə yaradılan və sonradan “Milyarderlər İttifaqı” adı ilə tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqı onun Moskva taleyində həlledici rol oynadı. Bu qurum Rusiya, Türkiyə və Qərbdə yaşayan imkanlı azərbaycanlıları bir araya gətirirdi, faktiki olaraq Rusiyanın Azərbaycandakı siyasi proseslərə təsir aləti kimi çıxış etdi, 2013-cü il prezident seçkiləri ərəfəsində müxalif “Milli Şura”nın formalaşmasında mühüm rol oynadı.

Siyasi proseslərə müdaxilə cəhdləri Abbas Abbasovun Azərbaycan rəhbərliyi ilə münasibətlərini pozdu.

Rusiya–Türkiyə–Qərb üçbucağı

Abbas Abbasovun fərqləndirici cəhəti onun eyni vaxtda Rusiya siyasi-biznes elitası, Türkiyənin siyasi–biznes dairələri, Qərbdəki yəhudi diaspor və lobbi mühitləri ilə əlaqə qura bilməsi idi.

Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlunun toyunda nikah şahidi olması, yüksək dairələrlə şəxsi münasibətlərinin nümunəsi kimi yadda qalıb.

Biznes imperiyası və sonrakı geriləmə

Uzun müddət adı iri bizneslərlə anılan Abbas Abbasovun son illərdə Rusiyadakı fəaliyyəti daha çox maliyyə fondları, sığorta strukturları, kənd təsərrüfatı (xüsusən dovşan ferması) üzərində cəmlənib.

Rəsmi maliyyə hesabatları onun Rusiyadakı şirkətlərinin zərər etdiyini göstərir ki, bu da əvvəlki iqtisadi gücün xeyli zəiflədiyini ortaya qoyur.

Hazırda Abbas Abbasov dövlət çevrilişinə cəhd, xaricdən maliyyələşmə, konstitusion quruluşun zorla dəyişdirilməsinə cəhddə ittiham olunur. İstintaq davam etdikcə, Abbas Abbasovun illər boyu qurduğu əlaqələrin real mahiyyəti, onun siyasi ambisiyalarının miqyası və ittihamların hüquqi əsasları aydınlaşacaq.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
116
yenisabah.az

1Mənbələr