Mərkəzi Bankın sədri Taleh Kazımovun açıqlamasına görə, əhalinin təxminən 10 milyard dolları bank sisteminə daxil olmadan evlərdə saxlanılır. Bu vəsait real iqtisadiyyata cəlb olunmur, kredit və investisiya mənbəyinə çevrilmir. Qeyd olunan məbləğin iqtisadiyyata daxil olması həm bazar, həm də ölkənin maliyyə sabitliyi üçün vacibdir.
Maraqlıdır, Azərbaycanda dövriyyədən kənarda qalan 10 milyard dollar əsasən kimlərin əlindədir? Cəmiyyətdə banklara inamsızlığın əsas səbəbi nədir? 10 milyard dolların bank sistemindən kənarda qalması iqtisadiyyat üçün hansı risklər yaradır?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Publika.az-ın suallarını cavablandırdı. İqtisadçı bildirdi ki, təxminən 10 milyard dollar həcmində vəsaitin konkret olaraq kimin əlində cəmləşməsi ilə bağlı rəsmi uçot aparılmır və statistik məlumatlar açıqlanmır:
“Bu səbəbdən həmin vəsaitlərin dəqiq strukturu, hansı sosial və ya iqtisadi qrupların əlində toplandığı barədə qəti fikir söyləmək çətindir. Bununla belə, mövcud iqtisadi mühit və sosial şərait nəzərə alınmaqla müəyyən fərziyyələr irəli sürmək mümkündür.
Hesab edirəm ki, bu vəsaitlər müxtəlif sosial qruplar arasında bölünüb. Onların mühüm bir hissəsi passiv yığıma üstünlük verən orta və xüsusilə yaşlı nəslin nümayəndələrinin əlindədir. Bu qrup müasir maliyyə alətlərinə daha konservativ yanaşır və müstəqilliyin ilk illərində bank sektorunda baş verən müxtəlif təlatümlərin birbaşa şahidi olub. Həmin təcrübə onlarda ehtiyatlı davranış instiktini gücləndirib və bank sisteminə, ümumilikdə maliyyə alətlərinə olan etimadı zəiflədib. Eyni zamanda, bu qrupun bir hissəsi maliyyə sektorunda baş verən yenilikləri və dövlət təminatlarını yetərincə təhlil etmir, digərləri isə məlumatlı olsalar belə, yenə də maliyyə sisteminə güvənmirlər. Nəticədə vəsaitlərini “gözlərinin önündə”, yəni nağd şəkildə saxlamağa üstünlük verirlər”.