Son dövrlər Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq müstəvidə səsləndirilən fikirlər regionda gedən geosiyasi proseslərin nə qədər mürəkkəb və çoxşaxəli olduğunu göstərir. Xüsusilə rusiyalı ekspertlərin bu layihəni “reallıqdan uzaq” adlandırması fonunda dəhlizin gələcək taleyi və böyük güclərin maraqları yenidən gündəmə gəlib. Məsələ təkcə nəqliyyat marşrutu deyil, eyni zamanda Cənubi Qafqazda təsir və nəzarət uğrunda gedən ciddi rəqabətin tərkib hissəsidir.
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, rusiyalı ekspertlərin Zəngəzur dəhlizini “reallıqdan uzaq layihə” kimi təqdim etməsi həqiqəti əks etdirmir və bu mövqe Rusiyanın prosesdən kənarda qalması ilə bağlıdır. Onun sözlərinə görə, əsas narahatlıq dəhlizə nəzarətin Rusiyanın deyil, ABŞ-nin əlində cəmlənməsidir:
“2020-ci il üçtərəfli bəyanatının 9-cu maddəsinə əsasən, Zəngəzur dəhlizinə nəzarət Rusiyaya həvalə edilməli idi. Lakin Rusiya bu müddət ərzində prosesi manipulyasiya edərək məsələnin həllini uzatmağa çalışdı və bununla tərəflər üzərində təsir mexanizmlərini qorumaq niyyətində oldu. Nəticədə bu yanaşma Rusiyanın proseslərdən kənarlaşdırılması ilə nəticələndi.
Ukrayna müharibəsi fonunda Rusiyanın bölgədə zəifləyən imkanlarından həm Ermənistan, həm də Avropa İttifaqı istifadə etməyə çalışıb. 8 avqust tarixində Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Ermənistan və ABŞ arasında Zəngəzur dəhlizinə nəzarətlə bağlı razılaşma əldə olunub və bu marşrut “Tramp marşrutu” kimi adlandırılıb”.
Oqtay Qasımov vurğulayıb ki, dəhlizin açılmasında bir sıra beynəlxalq aktorlar maraqlıdır:
“ABŞ nəzarəti ələ keçirən tərəf kimi bu prosesdə maraqlıdır. Azərbaycan və Türkiyə üçün dəhliz strateji əhəmiyyət daşıyır. Avropa İttifaqı isə son dövrlər bu marağını açıq şəkildə ifadə etməyə başlayıb, çünki Zəngəzur dəhlizi Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən əsas nəqliyyat layihələrindən biridir. Çin də bu marşrutda xüsusi marağa malikdir”.
Politoloqun sözlərinə görə, Rusiya Zəngəzur dəhlizində öz maraqlarını qorumaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışır:
“Rusiya prosesi əngəlləməklə və Ukrayna müharibəsinin gedişatından yararlanmaqla regionda yenidən mövqelərini gücləndirmək istəyir. Bu məqsədlə Ermənistandakı daxili siyasi proseslərə müdaxilə cəhdləri müşahidə olunur. Artıq Avropa İttifaqı ilə müzakirələrdə Ermənistanda keçiriləcək seçkilərə Rusiyanın mümkün müdaxiləsi mövzusu da gündəmə gətirilir”.
Qasımov hesab edir ki, Moskva Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdıraraq özünə loyal qüvvələri önə çəkməyə çalışacaq və bununla Cənubi Qafqazdakı təsirini bərpa etmək istəyəcək.
Onun fikrincə, hazırda Cənubi Qafqaz uğrunda ciddi geosiyasi mübarizə gedir və bu proses əsasən Ermənistan üzərindən aparılır. Bununla belə, politoloq Zəngəzur dəhlizi ilə bağlı əsas məsələlərin artıq həll olunduğunu vurğulayıb:
“Bütün hallarda dəhlizin açılması məsələsi böyük ölçüdə öz həllini tapıb. Gələn ilin ikinci yarısından etibarən real işlərin başlanacağı gözlənilir. Artıq bu məsələdə Rusiyanın əsas tərəf müqabili Ermənistan deyil, ABŞ-dir və proseslə bağlı qərarlar Vaşinqtonla razılaşdırılmalıdır”.
//Gülnarə Abasova, Editor.az