
Son illərdə gənclərin peşə təhsilinə marağı getdikcə azalmaqdadır. Bu tendensiya, həm iqtisadi inkişaf, həm də iş bazarının tələbləri baxımından narahatlıq doğurur. Peşə təhsili gənclərə praktiki bacarıqlar qazandıraraq onların əmək bazarında rəqabət qabiliyyətini artırır. Lakin çoxsaylı sosial və mədəni səbəblər nəticəsində gənclər universitet təhsilinə üstünlük verirlər. Bu vəziyyət peşə təhsilinin inkişafına və gənclərin peşə bacarıqlarının artırılmasına maneə törədir. Bəs gənclərin peşə təhsilinə marağının artırılması üçün hansı işlər görülməlidir?
Mövzu ilə bağlı Missiya.Az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu yanlış yanaşmadır:
"Əksinə, peşə təhsilinə maraq artır və gələcəkdə daha da artacaq. Peşə təhsilini bitirənlər üçün iş imkanları genişlənəcək, bununla bağlı daha çox şərait və imkanlar yaradılacaq. Biz bunu nəzərə almalı və bu istiqamətdə düzgün yanaşma nümayiş etdirməliyik".
Deputatın fikrincə, proseslər göstərir ki, peşə təhsili sahəsində müəyyən disbalans mövcuddur və bu disbalansın aradan qaldırılmasına ehtiyac var:
"Bunun üçün davamlı təminat və maarifləndirmə işləri aparılmalıdır. Gənclər bu istiqamətdə məlumatlandırılmalı, onların peşəyə marağının artırılması üçün ciddi səylər göstərilməlidir.
Bu gün Qarabağda və digər ərazilərdə böyük quruculuq və abadlıq işləri aparılır. Bu reallığı nəzərə alaraq, gənclərin də fəal iştirak etməsi vacibdir",-deyə Ceyhun Məmmədov əlavə edib.
Seyranə QuliyevaMissiya.Az