Rusiyada "WhatsApp" messencerinin işində yaranan problemlər bu ölkədə yaşayan milyonlarla azərbaycanlının ailə üzvləri ilə əlaqəsinə təsirsiz ötüşmür. Son statistik məlumatlara görə, Android əməliyyat sistemli smartfonlardan "WhatsApp"dan istifadə edənlərin platformada keçirdiyi vaxt son bir ildə 27 faiz azalıb. Buna əsas səbəb kimi zəng funksiyalarına tətbiq edilən məhdudiyyətlər və tətbiqin iş sürətinin zəifləməsi göstərilir.
Bununla yanaşı, aktiv istifadəçi sayında ciddi azalma qeydə alınmayıb. "WhatsApp"a həftədə ən azı bir dəfə daxil olanların sayı cüzi artsa da, istifadə müddəti xeyli aşağı düşüb. Noyabrın 24–30-u tarixlərini əhatə edən və messencerə giriş problemlərinin pik həddə çatdığı dövrdə bir istifadəçinin "WhatsApp"da keçirdiyi orta vaxt 161 dəqiqə təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 219 dəqiqə idi.
Rusiyada yaşayan azərbaycanlılar üçün "WhatsApp" uzun illərdir əsas ünsiyyət vasitəsi olub. Lakin tətbiqin zəif işləməsi, xüsusilə səsli və videozənglərdə yaranan çətinliklər əlaqənin davamlılığını azaldıb. Bu səbəbdən Azərbaycanda yaşayan bəzi vətəndaşlar Rusiyadakı qohumları ilə əlaqə saxlamaq üçün alternativ mesajlaşma tətbiqlərindən istifadə etməyə başlayıb.
Ölkə.Az-ın məlumatına görə, müşahidələrə görə, son dövrlər “MAX” mesajlaşma tətbiqinə maraq artıb. İstifadəçilər "WhatsApp"ı tamamilə tərk etməsələr də, əlaqəni itirməmək üçün paralel olaraq bir neçə messencerdən istifadə edirlər. Bu isə ünsiyyətin əvvəlki kimi rahat və fasiləsiz olmamasına gətirib çıxarır.
Mütəxəssislər hesab edirlər ki, Rusiyada beynəlxalq messencerlərlə bağlı məhdudiyyətlər davam edərsə, bu vəziyyət Azərbaycan–Rusiya arasında gündəlik ünsiyyətə daha ciddi təsir göstərə bilər. Nəticədə ailə və yaxınlar arasında əlaqə saxlanması üçün yeni platformalar əsas vasitəyə çevrilə bilər.
Ölkə.Az