AZ

Maradonanın cırılmış formasının satışı rekord qırdı

BAKI, 16 dekabr. TELEQRAF

Əfsanəvi futbolçu Dieqo Maradonanın cırılmış formasının satışı rekord qırıb.

Teleqraf xəbər verir ki, “Matchday Football Auctions” tərəfindən 1984-cü ildə Kral Kubokunun finalında “Barselona”nın “Atletik Bilbao”ya 0:1 hesabı ilə məğlub olduğu oyunda agentinalı ulduzun geyindiyi forma hərraca çıxarılıb.

Boyun hissəsinin bir qədər aşağısında cırığı olan 10 nömrəli forma təxminən 124 min avroya satılıb. Bu, Maradonanın rəsmi oyunda geyindiyi klub formaları arasında indiyədək ən bahalı satış olub.

Xatırladaq ki, “Santiago Bernabeu” stadionunda keçirilən və kütləvi dava ilə nəticələnən final qarşılaşması futbol tarixinə düşmüşdü. Belə ki, “Atletik Bilbao”nun heyətində əvvəlki mövsümdə Maradonanın ağır zədələnməsinə səbəb olan Andoni Qoykoetçea da yer alırdı. Bilbao təmsilçisi Endikanın vurduğu qolla 1:0 hesablı qələbə qazansa da, final fitindən sonra baş verən hadisələr bu nəticəni kölgədə qoymuşdu. Həmin insidentlərə görə Maradona üç ay müddətinə futboldan kənarlaşdırılmışdı. Bu cəza onun “Barselona”dan ayrılaraq “Napoli”yə transferini də sürətləndirmişdi.

Seçilən
116
teleqraf.com

1Mənbələr