AZ

Elmlər Akademiyasında “Milli hökumət - 80” elmi konfransı

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Rəhim Əliyev konfransı açaraq, Azərbaycan Milli Hökumətinin mövcud olduğu şərəfli və ziddiyyətlərlə dolu tarixi dövr (1945-1946-cı illər) və 21 Azər Hərəkatının əhəmiyyəti haqqında geniş çıxış etdi. Konfrans iştirakçılarının diqqətinə çatdırıldı ki, 2025-ci ili bütövlükdə Milli Hökumətin və onun fəaliyyətinin 80 illik yubiley ili kimi qeyd etməyi qarşısına məqsəd qoymuş Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşları il ərzində bu məqsədlə bir neçə sanballı tədqiqat və tərtib kitabı, elmi və publisistik məqalələr hazırlayaraq, nəşr etdirmişlər. Milli Hökumətin əsas siyasi sənədlər toplusu olan “Qızıl səhifələr” kitabı (“Elm” nəşriyyatı, 2025) o dövrün tarixi gerçəkliklərini bütün çılpaqlığı ilə özündə əks etdirir. Eyni zamanda, xalq yazıçısı – Milli Hökumətin rəhbərlərindən olmuş Mirzə İbrahimovun həmin illər ərzində gizli imza altında yazıb çap etdirdiyi məqalələrin öz əksini tapdığı “Mirzə İbrahimov. Gizli imzalı məqalələr. Təbriz - 1945” kitabı da bu baxımdan olduqca böyük əhəmiyyət daşıyır. Kitabın rəyçisi, xalq şairi Sabir Rüstəmxanlının Önsözü ilə açılan topluya, layihənin müəllifi, eyni zamanda elmi redaktoru Rəhim Əliyevin “Mirzə İbrahimov “Azərbaycan” qəzetində (1945-1946)” adlı geniş araşdırma yazısı daxil edilmişdir.

Milli

Şöbə müdirinin çıxışı geniş müzakirələrlə davam etdi. Bakı Slavyan Universiteti Regionşünaslıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, iranşünas İbrahim Quliyev, Xarici Dillər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-tərcüməçi Loğman Rəşidzadə, rejissor Natiq Cavadzadə və başqalarınn Milli Hökumət dönəmi, S.C.Pişəvəri və 21 Azər Hərəkatının müxtəlif məqamlarını özündə əks etdirən çıxışları maraqla qarşılandı.

Məruzələr panelində fil.e.d., baş elmi işçi Pərvanə Məmmədlinin “Milli Hökumət dövründə yaranmış ədəbiyyatda yeni meyllər”, fil.e.d., baş elmi işçi Esmira Fuadın “Əli Tudənin xatirələrində Milli Hökumət dönəmi hadisələrinə münasibət”, fil.f.d., aparıcı elmi işçi Mahmizər Mehdibəyovanın “Mirzə İbrahimov publisistkasında Milli Hökumət mövzusu”, fil.f.d., aparıcı elmi işçi İlham Məmmədlinin “S.C.Pişəvəri və Milli Hökumət” mövzusunda məruzələri dinlənildi.

Sonra söz qonaqlara verildi. İranlı Mühacirlər Cəmiyyətininin nümayəndələri – cənubşünas, milli fəal Yədulla Kənani, jurnalist Güləddin İsmayılov, İranlı Mühacirlər Ədəbi Birliyinin sədri, şair-tədqiqatçı Tariyel Ümid, Nasir Məmmədov, müstəqil jurnalist Namiq Hüseynov və digər qonaqlar Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yaradılmış Milli Hökümətin tarixi əhəmiyyətindən danışdılar, 80 illiyi qeyd olunan həmin möhtəşəm dövrün keşməkeşli hadisələrini və qanlı faciələrlə müşayət olunan 21 Azər Hərəkatının başvermə səbəblərini açıqladılar. Y.Kənani İranlı Mühacirlər Cəmiyyətinin “Milli Hökumət-80” layihəsi çərçivəsində nəşr etdirdiyi iki kitabı Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə hədiyyə etdi.

Konfransı lentə alan GünAz.TV-nin əməkdaşı Rizvan Əhmədova minnətdarlığını bildirən R.Əliyev, tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin hazırlayıb nəşr etdirdiyi daha bir kitab dünyaca məşhur GünAz.TV (Güney Azərbaycan Televiziyası)-nin təsisçisi və rəhbəri – fədakar vətənpərvər ziyalı, parlaq ictimai-siyasi xadim Əhməd Obalının seçilmiş çıxış və məqalələrinin toplandığı “Əhməd Obalı. Bir Yol, bir Bayraq” kitabıdır. Milli Azadlıq Hərəkatının mücahidlərindən olan bu görkəmli şəxsiyyətin həyat və mübarizə yolu bugünkü gəncliyimiz üçün əsl nümunədir.

Milli

Bu da qeyd olunmuşdur ki, şöbə əməkdaşlarının gərgin səyi nəticəsində, həm il ərzində nəşr edilmiş kitablar haqqında, həm də Güney Azərbaycanın ictimai-sosial, ədəbi və mədəni həyatının tanınmış nümayəndələrinin həyat və yaradıcılığını, folklor mühitini özündə əks etdirən araşdırma və tədqiqat əsərləri çap etdirilərək, geniş ictimaiyyətə təqdim olunmuşdur.

Şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, şair Qiymət Məhərrəmli görkəmli dövlət xadimi, böyük yazıçımız Mirzə İbrahimovun şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində professor R.Əliyevin rəhbərliyi altında tədqiqat işlərinin indi də uğurla davam etdirildiyindən, bu gün baş tutan elmi konfransın keçirilməsinin də elə bu məqsədə xidmət etdiyindən danışaraq, “Can Təbriz” şeirini səsləndirdi.

Sonda Rəhim Əliyev konfrans iştirakçılarına təşəkkür edərək, bundan sonra da Milli Hökumət nümayəndələrinin işıqlı xatirəsinin əziz tutulacağını, qoyduqları şərəfli tarixi yolun təbliği istiqamətində mühüm işlər görülməsi məqsədilə aparılan tədqiqatları daha da genişləndirəcəklərini bildirdi.

Seçilən
42
1
turkustan.az

2Mənbələr