AZ

Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 22-ci ildönümü İzmirdə anılıb

İstanbul, 16 dekabr, Günel Karatepe, AZƏRTAC

Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 22-ci ildönümü İzmirdə anılıb.

AZƏRTAC xəbər verir ki, İzmirin Aliağa rayonunda keçirilən anım mərasimi Ulu Öndərin adını daşıyan “Heydər Əliyev” texniki-peşə Anadolu liseyində təşkil olunub. Tədbirdə Türkiyənin Aliağa rayonu üzrə kaymakamı Zekeriya Güney, Aliağa bələdiyyəsinin sədri Serkan Acar, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri dosent Nəcibə Nəsibova, qardaş ölkənin İzmir şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Firdevs Çatalkaya, Aliağa Təhsil İdarəsinin müdiri Erdoğan Akyüz, Aliağa jandarma komandiri Yusufcan Gökgöz, Aliağa polis müdiri Ahmet Can, siyasi partiyaların nümayəndələri, qurum rəhbərləri, müəllimlər və tələbələr iştirak ediblər.

Anım tədbirində əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.

Tədbirdə çıxış edən Firdevs Çatalkaya Türkiyə ilə Azərbaycan arasında sarsılmaz qardaşlıq bağlarının olduğunu vurğulayaraq Ulu Öndərin çətin dövrlərdə geri addım atmayan, xalqına güvənən və gələcəyi cəsarətlə quran böyük dövlət xadimi olduğunu bildirib: “Onun bizlərə qoyduğu ən böyük miras müstəqil, qürurlu və güclü Azərbaycandır. Bu mirasın təməlində isə Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq dayanır. Bu qardaşlıq əbədi və sonsuzdur. Birliyimiz və bərabərliyimiz daim yaşayacaq.”

Nəcibə Nəsibova çıxışında Ulu Öndərin Türk dünyasının gələcəyinə istiqamət verən lider olduğunu, bu liseyinin şagirdlərinin də onun dəyərlərinə sahib çıxacaqlarına inandığını vurğulayıb: “Əziz şagirdlər, siz hər gün onun adını daşıyan məktəbə gəlirsiniz. Bu, sadəcə bir məktəb adı deyil, bu, həm Azərbaycanın, həm də bütün Türk dünyasının tarixində dərin izlər qoyan böyük bir dövlət xadiminin adıdır. Heydər Əliyev Azərbaycanın ən çətin dövrlərində məsuliyyəti üzərinə götürərək ölkənin beynəlxalq arenada layiqli yer tutmasını təmin edib. Bu gün sürətlə inkişaf edən Azərbaycan onun əsəridir. O, Azərbaycanı parçalanmaqdan, xaosdan və yox olmaq təhlükəsindən xilas edib. Dünya tarixinin ən görkəmli liderlərindən biri olan Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının gələcəyinə istiqamət verən şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edərkən, onun bizlərə miras qoyduğu dəyərlərə bu gün siz, əziz şagirdlərin sahib çıxacağına ürəkdən inanıram”.

Aliağa kaymakamı çıxışında Heydər Əliyevin ölkəsini qaranlıq günlərdən çıxararaq müasir Azərbaycanı yaratdığını deyib: “Necə ki, Mustafa Kamal Atatürk Qurtuluş Savaşından sonra müasir Türkiyəni yaratdı, Heydər Əliyev də ölkəsini qaranlıq günlərdən çıxararaq müasir Azərbaycanı formalaşdırdı. Biz “Bir millət, iki dövlət” kəlamını qürurla deyirik.

Sonra liseyin şagirdləri arasında keçirilən, Ulu Öndər Heydər Əliyevə həsr olunan rəsm, şeir və inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Tədbir şagirdlərin hazırladığı “Böyük Lider: Heydər Əliyev” mövzusunda təqdimatın nümayişi ilə başa çatıb.

 

 

Seçilən
100
azertag.az

1Mənbələr