AZ

"Azərbaycanda siyasi məhbus yoxdur, qanun qarşısında hamı bərabərdir"

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi funksionerləri ilə bağlı başlanmış cinayət təqiblərinə dair yayılan məlumatlara münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat qeyd edib ki, bu məsələlərlə bağlı ictimaiyyəti çaşdırmağa yönəlmiş süni ajiotaj yaradılır:

“Elə bir görüntü formalaşdırılır ki, guya bütün dünyanın diqqəti Azərbaycana yönəlib və dünya mediası bu prosesi manşetdə saxlayır. Sosial mediada tirajlanan bu kimi xəbərlər saxtadır və heç bir reallığa söykənmir”.

Bəhruz Məhərrəmov bildirib ki, ayrı-ayrı marjinal şəxslərin həbsi siyasi məhbus anlayışı ilə əlaqələndirilə bilməz:

“Hansısa marqinal ünsürün həbsi heç bir halda siyasi əsir mahiyyəti kəsb etmir. Əksinə, cinayətkarlıqla mübarizə alqışlanmalıdır”.

Deputat vurğulayıb ki, bu həbslərin pislənməsi xarici təsirlərlə bağlıdır:

“Dünyada özünə hörmət edən hər kəs bilir ki, bu həbsləri pisləmək Rusiyanın kəşfiyyat şəbəkəsinin müdafiəsinə qalxmaq deməkdir. Yaradılan süni ajiotaj əslində AXCP-nin özünün ifşasıdır”.

O, AXCP üzvlərinə müraciət edərək Əli Kərimlinin müdafiəsi ətrafında formalaşan mövqelərin suallar doğurduğunu bildirib və qeyd edib ki, Azərbaycan əleyhinə mövqe tutmuş media qurumlarının və təsisatların bu məsələdə fəallığı diqqət çəkir.

Bəhruz Məhərrəmov çıxışında Müsavat Partiyasının üzvlərinə də xitab edib, bəzi siyasi fiqurların demokratiya anlayışı ilə təqdim olunmasını tənqid edib.

Deputat yeni siyasi partiyalar haqqında qanunun siyasi sistemin sağlamlaşması üçün imkan yaratdığını bildirib və hüquq-mühafizə orqanlarını partiyaların qeydiyyat prosedurlarının şəffaflığı məsələsini yenidən araşdırmağa çağırıb:

“Heç bir bazası olmayan qruplaşmaların hansı meyarlara əsasən qeydiyyatdan keçməsi ciddi suallar doğurur. Siyasi sistem hansısa konfiqurasiya naminə çirkləndirilməməlidir”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, hazırda Azərbaycanda nə jurnalist, nə də siyasətçi həbsdədir:

“Bu gün yalnız dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən şəxslər var və onlar qanun qarşısında cavab verməlidirlər. Qalib və müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir”.

Deputat son amnistiya təşəbbüsünə də toxunaraq bildirib ki, bu addım Azərbaycan dövlətinin və Prezidentinin vətəndaşlara, o cümlədən yolunu azmış şəxslərə sahib çıxdığını göstərir və ölkənin daxili işlərinə kənar müdaxilələrə ehtiyac yoxdur.

Afət ZİYADQIZI

Seçilən
107
operativmm.az

1Mənbələr