Braziliyanın “Kruzeyro” klubu portuqaliyalı mütəxəssis Leonardu Jardimlə yollarını ayırıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb dekabrın 14-dən 15-nə keçən gecə (Bakı vaxtı ilə) komandanın Braziliya Kubokunun yarımfinal mərhələsində mübarizəni dayandırması olub. “Kruzeyro” iki oyunun nəticəsinə əsasən “Korintians”a uduzub — 2:1, penaltilər seriyasında 4:5 (ilk oyun 0:1).
51 yaşlı çalışdırıcı 2025-ci ilin fevral ayından etibarən “Kruzeyro”da çalışırdı. Onun rəhbərliyi altında Belo-Orizonti təmsilçisi 2025 mövsümündə Braziliya çempionatını üçüncü pillədə başa vurub.
Portuqaliyalı mütəxəssis karyerası ərzində Fransada “Monako” ilə çempionluq, Yunanıstanda “Olimpiakos”la həm ölkə çempionluğu, həm də Kubok qazanıb. O, həmçinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə Asiya Çempionlar Liqasının qalibi olub. Jardim Lissabonun “Sportinq” klubunda, Portuqaliyanın bir sıra digər komandalarında, BƏƏ-nin “Şabab Əl-Əhli” və Qətərin “Əl-Rayyan” klublarında da fəaliyyət göstərib.