AZ

Bakıda telefonla danışmaq adı ilə cibinə girib min manatını apardı - MƏHKƏMƏ

Ali Məhkəmədə soyğunçuluqda ittiham edilən Anar Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, Anar Məmmədov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxslə qabaqcadan əlbir olaraq qrup halında soyğunçuluq cinayəti törədib.


Məlumata görə, 20 sentyabr 2022-ci il tarixdə, saat 01:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən ASC-lərin birinə məxsus inzibati binanın yaxınlığında olan dükanın qarşısında Anar əvvəllər tanımadığı zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) mobil telefonla danışmasından istifadə edərək onun şalvarının sol yan cibindən 1000 manat məbləğində pulunu çıxararaq hadisə yerindən qaçıb. Zərərçəkmiş şəxs pulun qaytarılmasını tələb etsə də, o, bu tələbi nəzərə almayaraq taladığı pulu özündə saxlayıb və ərazidən uzaqlaşıb.


Yasamal Rayon Məhkəməsinin hökmü ilə Anar Məmmədova 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Məhkum birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib və Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Kamal Məmmədov 

Tarix: 16 Dekabr 2025, 10:44   
Seçilən
32
pravda.az

1Mənbələr