AZ

Tayvan Müdafiə Nazirliyi Çinin qəfil hücumuna cavab verməyə hazır olduqlarını açıqlayıb

Rəsmi Taybey Pekinin hərbi təlimləri istənilən an real döyüş əməliyyatlarına keçə biləcəyindən ehtiyat edir...

Poliqon xəbər verir ki, Tayvan Silahlı Qüvvələri Çinin “istənilən qəfil hücumuna” operativ şəkildə cavab vermək imkanına malikdir. Bu barədə Tayvan Müdafiə Nazirliyinin ada parlamentinə təqdim etdiyi məruzədə bildirilib. Sənəddə qeyd olunur ki, bütün hərbi bölmələr mərkəzdən göstəriş gözləmədən, desentralizə olunmuş idarəetmə rejimində fəaliyyət göstərə bilir ki, bu da fövqəladə vəziyyətlərdə çevik qərarların qəbuluna şərait yaradır. Məlumatı Reuters yayıb.

Tayvan administrasiyası daha əvvəl də dəfələrlə Çinin müntəzəm hərbi təlimləri qəfil aktiv döyüş əməliyyatları mərhələsinə keçirməyə cəhd göstərə biləcəyi ilə bağlı narahatlığını ifadə edib. Agentliyin məlumatına görə, Çin hərbçiləri demək olar ki, hər gün Tayvan ətrafında fəaliyyət göstərir və bu da bölgədə gərginliyi daim yüksək səviyyədə saxlayır.

Taybeyin qiymətləndirməsinə əsasən, bu təlimlər “boz zona”da təzyiq və təqib kampaniyasının tərkib hissəsidir. Bu kampaniya birbaşa müharibəyə gətirib çıxarmasa da, Tayvan silahlı qüvvələrini fiziki və psixoloji baxımdan tükətməyə yönəlib. Bildirilir ki, ada hərbçiləri bu səbəbdən daimi olaraq döyüş hazırlığı vəziyyətinə keçməyə məcbur qalırlar. Tayvanın müdafiə naziri Vellinqton Ku çərşənbə günü parlament üzvlərinin məruzə ilə bağlı suallarını cavablandıracaq.

Dekabrın 15-də isə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi bəyanat yayaraq Tayvan administrasiyasının rəhbəri Lay Tsindənin “Çin təhlükəsini şişirtdiyini” və “hərbi qorxuları qızışdırdığını” bildirib. Bəyanatda ümid ifadə olunub ki, “tayvanlı soydaşların geniş kütlələri hakimiyyətin ‘müstəqillik uğrunda müharibə’yə hazırlığının son dərəcə təhlükəli və zərərli mahiyyətini aydın şəkildə dərk edəcək”.

Poliqon.info

Seçilən
110
poliqon.info

1Mənbələr