AZ

Bu uşaq bağçasında nə baş verir? – 34 illik əməkdaşdan qalmaqallı iddia

Lənkəran şəhər 12 saylı körpələr evi–uşaq bağçasında 34 ildir çalışan əməkdaş qanunsuz təzyiqlərlə üzləşdiyini iddia edib.

O, NOCOMMENT.az-a müraciət edərək, son bir il ərzində ona qarşı qərəzli münasibət göstərildiyini bildirib.

Şikayətçinin sözlərinə görə, 09.04.2024-cü il tarixində bağçaya İsayeva Zəminə Bəyhüseyn qızı müdir təyin edildikdən sonra problemlər başlayıb. O iddia edir ki, uşaq sayının süni şəkildə artırılması tələbinə tabe olmadığı üçün müdiriyyət tərəfindən təzyiqlərə məruz qalıb və işdən uzaqlaşdırılması məqsədilə müxtəlif vasitələrə əl atılıb. Bildirilir ki, bağça Həmkarlar Təşkilatı sədrinin Konfederasiyaya müraciəti nəticəsində hazırda müəyyən qədər müdafiə olunur.

Müraciətdə qeyd olunur ki, 30.07.2025-ci il tarixində iş saatı ərzində Lənkəran Təhsil Sektorunun metodisti Əliyeva Gülnar Qabil qızı tərəfindən sektorluğa dəvət edilib. Orada barəsində anonim və 15 imzalı şikayət məktubunun daxil olduğu bildirilib. Şikayətçi məktubla tanış olmaq hüququnun təmin edilmədiyini, ona yalnız şifahi şəkildə ya işdən azad olunacağı, ya da başqa bağçaya köçürüləcəyi bildirildiyini iddia edir.

Onun sözlərinə görə, həmin gün izahat yazdırılıb və psixoloji gərginlik yaşayıb. Qrafik üzrə 15.07.2025-ci ildə əmək məzuniyyətinə çıxmalı olduğu halda, işini itirmək qorxusu ilə 01.07.2025-ci il tarixindən məzuniyyətə buraxılması üçün müdirin adına ərizəni poçt vasitəsilə göndərib. Lakin ərizənin əlbəəl təqdim edilmədiyi əsas gətirilərək qəbul olunmadığı bildirilib.

Şikayətçi qeyd edir ki, 01.07.2025–08.07.2025 tarixlərini əhatə edən müddət “özbaşına evdə qalma” kimi qiymətləndirilib və 08.07.2025-ci il tarixli, 74 nömrəli əmrlə ona töhmət verilib. Daha sonra 09.07.2025–12.08.2025 tarixləri arasında hər hansı tənbeh verilmədiyi halda, ümumilikdə 42 gün əmək haqqısının yazılmadığı iddia olunur.

Müraciətdə vurğulanır ki, baş verənlərin əsas səbəbi onun işdən azad olunması məqsədilə yazıldığı bildirilən anonim və 15 imzalı şikayət məktubudur. Şikayətçi məzuniyyətə buraxılmamasının qərəzli olduğunu düşünür və artıq aidiyyəti olan bütün qurumlara müraciət etdiyini bildirir.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

Xatırladaq ki, cari ilin mart ayında da mediada Zəminə İsayevanın bağçaya müdir təyin olunmasından sonra problemlərin yaranması ilə bağlı iddia səsləndirilmişdir. Bildirilirdi ki, 33 ildir sözügedən bağçada tərbiyəçi işləyən və eyni zamanda bağça Həmkarlar Təşkilatının sədri olan Nahidə Cəfərova müdir Zəminə İsayevanın göstərişlərinə etiraz etdikdə, həmkarlar ittifaqı rəhbəri tərəfindən “müdirlə kəllə-kəlləyə qoyma” ifadəsi ilə susdurulub. Şikayətçi bağçada işçilərə qarşı təzyiqlər və əsassız protokollar tərtib edildiyini bildirmişdi.

Seçilən
114
nocomment.az

1Mənbələr