“Qısa zamanda fəaliyyəti yüksək səviyyədə təşkil edilən “112” qaynar telefon xətti bu gün vətəndaşlarımızın, habelə ölkəyə gələn qonaqların təhlükə anında müraciət edərək operativ yardım aldığı mühüm bir vasitəyə çevrilib. Təkcə bir rəqəmi qeyd etsək, insanların Fövqəladə Hallar Nazirliyinə olan güvəni barədə aydın təsəvvür yaranmış olar. Belə ki, yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı “112” qaynar xəttinə 2024-cü il ərzində 2,2 milyona yaxın və ya orta hesabla hər gün 6 mindən artıq zəng daxil olub”.
“Yeni Sabah” xəbər verir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Nazir qeyd edib ki, şəxsi heyətin praktiki vərdişlərini inkişaf etdirmək üçün mütəmadi təlimlər keçirilir:
“Kadrların peşəkar səviyyədə formalaşması üçün nəzəri bilik nə qədər vacibdirsə, praktiki vərdişlər də bir o qədər əhəmiyyətlidir. Məhz bu səbəbdən, mütəmadi olaraq müxtəlif təlimlər keçirilir. Təlimlərdə şəxsi heyətə həm də yeni texnika və avadanlıqlarla işləmək qaydaları praktiki olaraq real əməliyyat vəziyyətinə yaxın şəraitdə aşılanır. Bu çərçivədə, "Xəzər-2009", "Xəzər-2010", "Xəzər-2013", "Xəzər-2015" taktiki, "Xəzər-2017", "Bakı-2023" beynəlxalq, "Bakı-2025" əməliyyat-taktiki təlimlərini xüsusi qeyd etmək istəyirəm. Göstərilən təlimlər FHN-in malik olduğu maddi-texniki bazanı, kadr potensialını və fövqəladə hadisələrə çevik reaksiya imkanlarını nümayiş etdirməklə yanaşı, mülki müdafiə işinin lazımınca təşkil olunmasında, komandir-rəis heyətinin idarəetmə qabiliyyətinin yüksəldilməsində, axtarış, yanğın-xilasetmə işlərində iştirak edən şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayıb”.
Nazim Hacıyev
Telegram kanalımız