“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə bildirib ki, 2025-ci il Azərbaycan vətəndaş cəmiyyəti üçün olduqca məhsuldar və əlamətdar bir il kimi yadda qalıb.
Onun sözlərinə görə, qeyri-hökumət təşkilatlarının artan fəaliyyəti və məhz QHT-lərin təşəbbüsü ilə yaradılan platformalar ölkədə vətəndaş cəmiyyətinin cəmiyyətin inkişafındakı rolunun getdikcə gücləndiyini bir daha nümayiş etdirib. İradə Rizazadə 2025-ci ildə QHT-lər arasında həmrəyliyin formalaşmasını xüsusi vurğulayıb:
"Xankəndidə Əməkdaşlıq Forumu keçirildi. Bu forum çərçivəsində qeyri-hökumət təşkilatlarının illər ərzində gördüyü işlər barədə geniş məlumat verildi, eyni zamanda qarşıda duran perspektivlər müzakirə olundu. Forum zamanı QHT-lər arasında təcrübə mübadiləsi də aparıldı.
2025-ci ildə Qlobal Cənub Platforması məhz Azərbaycanda yaradıldı. Bu platformanın təsis konfransında 116 ölkədən nümayəndə iştirak etdi və Azərbaycan tərəfindən yüksək səviyyədə qarşılandı. Qeyd etmək lazımdır ki, Qlobal Cənub Platformasının Milli QHT Forumu kimi elan olunmasında və onun formalaşmasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin mühüm rolu olub. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri və koordinatoru vəzifəsinə Ramil İsgəndərli seçildi ki, bu da böyük nailiyyət kimi qiymətləndirilir."
QHT sədri açıqlamasında həmçinin qeyd edib ki, eyni zamanda, 2025-ci ildə Türk Dövlətləri Təşkilatlarının Əməkdaşlıq Forumu da keçirildi. Platformanın sədri vəzifəsinə Azərbaycan tərəfdən təşkilat rəhbəri Azər Allahverənov təyin olundu:
"Təşkilatımızın sədr müavini Nədimə Rəhimli də bir sıra beynəlxalq tədbirlərdə iştirak edib. O, BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə 3-cü Konfransında, BMT-nin 2-ci Dünya Sosial Sammitində, eləcə də BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında Xocalı soyqırımı ərəfəsində ardıcıl olaraq üç QHT adından çıxış edib".
Pərvanə Fərhadqızı