“İstefa verən partiya sədrləri siyasətdən çəkilmirlər. Pənah Hüseyn də, İlqar Məmmədov da, mən də partiyalarımızda qalmışıq. Siyasətdən yox, sədrlikdən gedirik. Siyasətdə davam edirik, izləyirik ki, partiyalarımızda gedən proseslər normal olsun. Heç kəsə gizli deyil ki, biz dövlət başçısının strateji xəttini müdafiə etsək də, bir sıra taktiki, sosial məsələlərdə çox tənqidi mövqe tuturduq. Hardasa, balanslı siyasət var idi. Hazırda isə Vəhdət Partiyasında yalnız bir xətt var - iqtidaryönlü. Əlbəttə, bu, kənardan partiyanın siyasətinin dəyişdiyini müşahidə edənlərin nəzərini cəlb edir. Mənə də bu haqda dəfələrlə bildiriblər. Hətta dünən dedilər ki, sizin partiyaya aid olan insanların elə çıxışları var, heç iqtidar özü o səviyyədə etmir. Amma güman edirəm ki, Azərbaycan Xalq Partiyasında belə olmayacaq, Pənah bəyin rəhbərlik etdiyi xətt davam edəcək. Öz partiyamızın məsələsi isə məni çox düşündürür, üzür. Partiyadaxili müəyyən proseslər də var ki, bunun haqda məlumat vermək istəmirəm. Gözləyirəm ki, Vəhdət Partiyası öz mərkəzçi mövqeyini işdə də yerinə yetirsin”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının keçmiş sədri Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib ki, REAL Partiyasında hansısa mövqe dəyişikliyi hiss edilməyib: “Yeri gəlmişkən, Azərbaycan Xalq Partiyasının hazırki sədri Qiyas Sadıqovu təbrik edirəm. Onun da Pənah bəydən fərqli bir siyasət yeridəcəyini düşünmürəm. Çünki həmişə Pənah Hüseynlə yanaşı olub, eyni mübarizəni aparıb. Doğrudur, Ana Vətən Partiyasında proseslər bir az başqa cür getdi. Ümumiyyətlə, indi partiya sədrləri müəyyən səbəblərdən istefa verirlər. Əsas səbəblərdən biri budur ki, hər kəs pariyada gəncləşmə olmasını istəyir. Hamı arzulayır ki, onun yerinə gələn sədr partiyanın ideoloji xəttini, əvvəlki ənənələri davam etdirsin. Əlbəttə, mənim arzum bu idi. Vəhdət Partiyası da xalq hərəkatından doğmuşdu, sonra şəbəkələnmişdi. Həmişə bu partiya müstəqil dövlət quruculuğunda götürülən xəttə, müstəqil, demokratik, hüquqi dövlət anlayışlarına sadiq olub. 2006-cı ildə biz mərkəzçi mövqeyi qəbul etdik, çünki o vaxtadək hədsiz radikal mövqedə olmuşduq. Başqa partiyalardan fərqli olaraq iqtidara da, müxalifətə də müxalifət olmuşuq. Yəni Vəhdətin öz yolu, fərqli ənənəsi olub. Təəssüf ki, son zamanlarda partiyalarda xoşagəlməz hallar da yaşanır, qalmaqallar olur. Əslində, bu, partiyanın özünü sarsıdır. Partiyaların siyasi ənənələrinin davam etməməsi yeni situasiya yaradır. Arzu edirik ki, hər bir partiyanın siyasi ideoloji xətti onun tarixi irsi gözlənilsin və davam etdirilsin. Buna uyğun olmayan hallar olanda, əlbəttə ki, partiyalarda qalmaqallar yaşanır”.
Aytəkin Qardaşova