13-14 dekabr tarixlərində Lənkəran rayon Cənub Regional Boks Mərkəzində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə 44 günlük haqq savaşımızda tarix yazan, qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvoluna çevrilən zəfər şəhidi baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr olunan boks idman növü üzrə keçirilən ənənəvi V (beşinci) Lənkəran - Astara region turniri böyük maraqla qarşılanıb .
Yarışın açılış mərasimində Dövlət Himni oxunub və Vətən yolunda canlarını fəda edən qəhrəman oğulların əbədiyaşar xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Vüsal Kazımovun atası professor Kamran Kazımov, Azərbaycan Boks Federasiyasının nümayəndəsi beynəlxalq dərəcəli hakim Anar Nağıyev Vətən şəhidlərinin keçdiyi döyüş yolu və göstərdikləri misilsiz qəhrəmanlığı gənc nəsil üçün nümunə olduğunu, ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin adının daim yaşaması, onların xatirəsinin əziz tutulması üçün gördüyü işlərdən, eləcə şəhid ailələrinə olan diqqət və qayğısından qürurla söz açıblar.
Natiqlər 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi zəfərə imza atan, öz qanı bahasına torpağı Vətən edən şəhidlərin xatirəsini uca tutmaq, onları daim məhəbbətlə yad etmək hər bir vətəndaşın müqəddəs borcu olduğunu bildirərək, turnirə qatılan idmançılara uğurlar arzulayıb və yarışa start verilib.
Lənkəran, Astara, Masallı və Cəlilabad rayonlardan olan 48 dəri əlcək sahibi müxtəlif çəki dərəcələrində rinqə çıxıb. Baş hakim Nazim Qulamovun idarə etdiyi yarışda qələbə uğrunda inamla döyüşüb yüksək yerləri tutan idmançılar diplom və medallara layiq görülüblər.
Məlumat üçün bildirək ki, cənub mirvarisi Lənkəranın Yuxarı Nüvədi kəndində halal bir ziyalı ocağında boya-başa çatan, ata-ananın yeganə övladı olan Vüsal Kazımov iki ali təhsil alıb, bir müddət Lənkəran şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışıb. Həyatı dərk edən gündən xalqına, doğma Azərbaycana sevdalanan qeyrətli oğul İkinci Qarabağ müharibəsi başlanan günü ana Vətənin harayına könüllü olaraq birincilər sırasında səs verib. Baş leytenant əlində silah ən qaynar nöqtələrdə yağıya qarşı savaşıb. Misilsiz şücaət göstərməklə neçə-neçə odlardan, alovlarda zəfərlə çıxıb. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhadətə yüksəlib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", Xocavəndin, Füzulinin azadlığı uğrunda medalları ilə təltif edilib.
Vətən, torpaq naminə keçdiyi rəşadətli döyüş yolunun hər səhifəsi mərdliklə, eləcə heyrət və qürur doğuran məqamlarla dolu olan baş leytenant Vüsal Kazımov Nuray, Aynur adında iki qız övladını bizlərə yadigar qoyub. Atasının adına layiq boy atan qızların indi ən çox boylandığı yer Vətən səmasıdır. Axı orada parlayan ulduzlardan bir onların qəhrəman atasıdır...
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü