2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın nəqliyyat xidmətləri balansında təxminən 1,3 milyard ABŞ dolları həcmində profisit formalaşması ölkənin regional və qlobal logistik sistemdə mövqeyinin möhkəmləndiyini göstərən mühüm göstəricidir. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlara əsasən, bu nəticə ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz çoxdur və nəqliyyat sektorunun artıq təkcə daxili xidmət sahəsi deyil, xarici valyuta yaradan strateji istiqamət kimi çıxış etdiyini təsdiqləyir.
Formalaşmış profisitin əsas mənbəyi neft və qaz tranzitindən əldə olunan gəlirlərdir. Enerji resurslarının Avropa və digər bazarlara təhlükəsiz və fasiləsiz çatdırılması fonunda Azərbaycanın tranzit ölkə kimi rolu daha da güclənib. Qlobal enerji xəritəsində marşrutların şaxələndirilməsi və alternativ daşınma yollarına artan maraq bu gəlirlərin struktur baxımından dayanıqlığını artıran əsas amillərdəndir. Bununla yanaşı, sərnişindaşıma və yükdaşıma xidmətlərinin mövqeyini qoruması nəqliyyat sektorunda balanslı inkişafın baş verdiyini göstərir.
Hesabat dövründə qarşılıqlı xidmətlər dövriyyəsinin 28,2 faizinin nəqliyyat xidmətlərinin payına düşməsi bu sahənin ölkənin ümumi xidmət ixracında mühüm yer tutduğunu ortaya qoyur. Ümumi dəyəri 4 milyard ABŞ dolları olan nəqliyyat xidmətlərinin 66,3 faizinin qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadəsi hesabına formalaşması beynəlxalq tələbin yüksək olduğunu göstərir. Bu rəqəmlər Azərbaycanın nəqliyyat imkanlarının regional bazarla məhdudlaşmadığını, daha geniş coğrafiyada rəqabətə davamlı xidmət təqdim etdiyini göstərir.
Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin 2,6 milyard ABŞ dolları təşkil etməsi ixrac yönümlü xidmət modelinin gücləndiyini təsdiqləyir. Eyni zamanda, qeyri rezidentlərin Azərbaycan rezidentlərinə göstərdiyi nəqliyyat xidmətlərinin dəyərinin 1,4 milyard ABŞ dolları səviyyəsində qalması idxalın nisbətən məhdud çərçivədə olduğunu göstərir. Bu nisbət tədiyyə balansında müsbət fərqin yaranmasına əsas yaradan struktur üstünlüyü formalaşdırır.
Xüsusilə diqqətçəkən məqam qeyri-neft qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracının son bir ildə 22,9 faiz artmasıdır. Bu dinamika göstərir ki, logistika və daşınma xidmətləri tədricən enerji sektorundan kənar gəlir mənbəyinə çevrilir. Eyni dövrdə idxalın 7,4 faiz azalması isə yerli nəqliyyat şirkətlərinin bazardakı mövqelərinin möhkəmləndiyini və xarici xidmətlərdən asılılığın azaldığını göstərir. Qlobal təcrübədə bu cür meyil adətən nəqliyyat sektorunun institusional və texniki cəhətdən yetkinləşməsi ilə müşayiət olunur.